XƏBƏRLƏR

Rektor Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının əməkdaşları ilə görüşüb

17 oktyabr, 2025

 

Oktyabrın 17-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Filologiya fakültəsinin nəzdində fəaliyyət göstərən Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının əməkdaşları ilə görüş keçirib.
Görüşdə kafedranın rəhbərliyi və professor-müəllim heyəti iştirak ediblər. 
Rektor universitetin elmi və tədris istiqamətində qarşıya qoyduğu yeni məqsədlərdən, həyata keçirilən layihələrdən, beynəlxalq əlaqələrin daha da inkişaf etdirilməsi zərurətindən söz açıb. O, qeyd edib ki, ADU-da həyata keçirilən islahatlar və yeniliklər ali təhsil müəssisəsinin həm elmi potensialının güclənməsinə, həm də beynəlxalq mühitdə nüfuzunun artmasına xidmət edir.
Akademik Kamal Abdulla müəllim və tədqiqatçıların yaradıcılıq potensialının, elmi fəaliyyətinin və pedaqoji bacarıqlarının daim təkmilləşdirilməsinin vacibliyini vurğulayıb. Rektor bildirib ki, müasir təhsil mühitinin tələblərinə cavab vermək üçün müəllimlər yeni metodik yanaşmaları mənimsəməli, tələbələrin bilik və bacarıqlarının inkişafına xüsusi diqqət yetirməlidirlər.
F.e.d., professor Həmidə Əliyeva çıxışında kafedranın elmi istiqamətləri, ədəbiyyat nəzəriyyəsi üzrə aparılan tədqiqatlarla bağlı fikirlərini bölüşüb. O, həmçinin gənc müəllimlərin və doktorantların beynəlxalq elmi mühitdə fəallığının artırılmasının önəmini vurğulayıb.
Dünya ədəbiyyatı və nəzəriyyəsi kafedrasının müdiri, dosent Yeganə Abdullayeva kafedranın son illərdəki fəaliyyəti, dərslik və elmi məqalələrin hazırlanması, eləcə də beynəlxalq elmi əməkdaşlıq sahəsində həyata keçirilən işlər barədə məlumat verib.
Görüşdə qeyd olunub ki, fakültə və kafedra səviyyəsində tədrisin keyfiyyətinin yüksəldilməsi, yeni tədris resurslarının hazırlanması, tələbələrin ədəbi biliklərinin və analitik düşünmə qabiliyyətinin inkişafı istiqamətində sistemli addımlar atılmalıdır.
Sonda rektor kafedra əməkdaşlarının təkliflərini dinləyib, müxtəlif fikir mübadiləsi aparılıb və qarşıdakı dövr üçün birgə fəaliyyət istiqamətləri müzakirə olunub.