XƏBƏRLƏR

ADU-nun rektoru kafedra əməkdaşları ilə görüşüb

16 oktyabr, 2025

 

Oktyabrın 16-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsi nəzdində fəaliyyət göstərən Qərb ölkələri üzrə regionşünaslıq kafedrasının əməkdaşları ilə görüşüb.

Görüşdə kafedraların rəhbərliyi və professor-müəllim heyəti iştirak edib.

Rektor ADU-nun beynəlxalq əlaqələri, müəllim-tələbə mübadiləsi proqramları, universitetin elmi fəaliyyət perspektivləri, qarşıya qoyulan hədəf və məqsədlər barədə danışıb. Qeyd olunub ki, ADU həm ölkə daxilində, həm də beynəlxalq təhsil mühitində bir sıra uğurlara imza atıb.

Bildirilib ki, bu uğurlar universitetin elmi potensialının yüksəldilməsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi və tədrisin keyfiyyətinin artırılması istiqamətində həyata keçirilən ardıcıl işlərin nəticəsidir.

Akademik Kamal Abdulla tədrisin keyfiyyəti, yeni metodik vəsaitlərdən istifadə, tələbələrin bilik və bacarıqlarının artırılması, elmi işlərin yüksək peşəkarlıqla yazılması, müəllimlərin dünyagörüşünün genişləndirilməsi və müasir tədris metodlarından istifadənin əhəmiyyəti barədə fikirlərini bölüşüb.

Qeyd olunub ki, kafedra əməkdaşları mövcud tədris planına uyğun fəaliyyət göstərməli, bilik və bacarıqlarını daha da artırmalı, müasir tədris və elmi metodlardan geniş şəkildə yararlanmalı və universitetdə nizam-intizam qaydalarına ciddi riayət etməlidirlər.

Tələbələrin müasir tədris metodları və vəsaitləri ilə tanışlığı, ixtisasın mənimsənilməsi və kadr potensialının artırılması istiqamətində aparılan işlərin zəruriliyi diqqətə çatdırılıb.

Regionşünaslıq kafedrasının müdiri, professor Sevdagül Əliyeva kafedranın fəaliyyəti, müəllimlərin tədris prosesi ilə bağlı gördüyü işlər, elmi məqalələrin və dərsliklərin hazırlanması barədə məlumat verib.

Görüşdə kafedraların gələcək fəaliyyətinin daha məqsədyönlü və elmi inkişaf baxımından uğurla davam etdiriləcəyi vurğulanıb. Bu məqsədlə müəllim və laborantların bilik və bacarıqlarının artırılması istiqamətində dünya təcrübəsinə əsaslanan proqramlarla tanışlığın və həmin proqramların öyrənilməsinin vacibliyi qeyd olunub.

Görüş müxtəlif təklif və suallarla davam edib.