ADU-nun əməkdaşı beynəlxalq onlayn təlimləri uğurla başa vurub
Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzinin əməkdaşı Elşən Hüseynli beynəlxalq təcrübəsini genişləndirmək və peşəkar bacarıqlarını təkmilləşdirmək məqsədilə Coursera platforması üzərindən bir sıra beynəlxalq onlayn kurslarda iştirak edib və onları uğurla başa vurub.
O, “Increase Reading Comprehension with Actively”, “Setting up a Digital Library with EPIC”, “Academic Information Seeking” və “Copyright for Educators and Librarians” adlı təlimləri tamamlayaraq müvafiq beynəlxalq sertifikatlar əldə edib.
Bu təlimlər kitabxana işinin müasir standartlara uyğun təşkili, elektron resurslardan səmərəli istifadə, müəllif hüquqlarının qorunması və informasiya savadlılığının artırılması istiqamətində nəzəri və praktiki biliklərin inkişafına xidmət edir.
Azərbaycan Dillər Universitetində əməkdaşların bu kimi təşəbbüsləri ali təhsil müəssisəsində elmi-informasiya mədəniyyətinin inkişafı, innovativ yanaşmaların tətbiqi və beynəlxalq təcrübə ilə inteqrasiyanın dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.









