Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirilib
Azərbaycan xalq şairi Bəxtiyar Vahabzadənin 100 illik yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlər keçirilir. Bu çərçivədə Azərbaycan Dillər Universitetində (ADU) Azərbaycan ədəbiyyatı kafedrası, “Azərbaycanşünaslıq və multikulturalizm” Mərkəzi və Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin birgə təşkilatçılığı ilə “Bəxtiyar Vahabzadənin yaradıcılığında azərbaycançılıq” mövzusunda dəyirmi masa keçirilib. Görüşdə universitetin professor-müəllim heyəti, tələbələr və digər qonaqlar iştirak ediblər.
“Azərbaycanşünaslıq və multikulturalizm” Mərkəzinin müdiri Loğman Rəşidzadənin moderatorluğu ilə keçirilən dəyirmi masanı Azərbaycan ədəbiyyatı kafedrasının müdiri, akademik Muxtar İmanov açaraq, Bəxtiyar Vahabzadənin Azərbaycan ədəbiyyatındakı yeri və çoxcəhətli yaradıcılığı barədə ətraflı məlumat verib.
Daha sonra Fransız dili və mədəniyyəti mərkəzinin müdiri, professor Əsgər Zeynalov məruzə ilə çıxış edib. O, Bəxtiyar Vahabzadə yaradıcılığını geniş ədəbi kontekstdə təhlil edərək, şairin poetik irsinə dair yeni elmi qənaətlərini bölüşüb və onun çoxqatlı şeirlərindən sitatlar səsləndirib.
Məruzə ətrafında aparılan diskusiyalarda filologiya elmləri doktoru, dosent Aytən Hacıyeva “Bəxtiyar Vahabzadə yaradıcılığında klassik ənənələr”, filologiya üzrə fəlsəfə doktoru, dosent Vəfa Fətullayeva isə “Bəxtiyar Vahabzadənin publisistikası” mövzusunda çıxış edərək iştirakçılara geniş məlumat veriblər.
Çıxışlarda Bəxtiyar Vahabzadə yaradıcılığına müxtəlif aspektlərdən yanaşılaraq, onun lirik şeirləri, poemaları, pyesləri və elmi-publisistik məqalələrinin Azərbaycan ədəbiyyatında tutduğu mühüm mövqe vurğulanıb. Qeyd olunub ki, şairin əsərlərinə xarici ölkələrdə də böyük maraq göstərilir. Onun yaradıcılığı ingilis, fransız, alman, fars, türk, polyak, ispan, macar və digər dillərə tərcümə olunub.
Tədbir zamanı Bəxtiyar Vahabzadə poeziyasına xas fəlsəfi dərinlik və lirik ovqat haqqında elmi mülahizələr səsləndirilib, poetik nümunələr əsasında müzakirələr aparılıb.
Sonda tələbələrdən Aysun Əliyeva “Ana dili”, Mədinə Əhmədova isə “Vətəndaş” şeirlərini səsləndiriblər.











