Cəlal İbrahimlinin məqaləsi Türkiyənin “Kelam” dərgisində dərc olunub
2025-ci ilin oktyabr ayında Türkiyənin “Kelam” dərgisinin 18-ci sayında Azərbaycan Dillər Universiteti Türk Dünyası Araşdırmaları Mərkəzinin müdiri Cəlal İbrahimlinin “Kaşgarlı Mahmut Yolu” adlı məqaləsi dərc olunub.
Məqalədə müəllif Türk dünyasının ən böyük miraslarından biri hesab edilən “Divani Lüğəti’t-Türk” əsərinin yalnız sözlük deyil, eyni zamanda Türk dilinin zənginliyini və tarixi inkişaf yolunu əks etdirən bənzərsiz xəzinə olduğunu vurğulayır.
C. İbrahimli qeyd edir ki, Kaşğarlı Mahmudun fəaliyyətində ifadə olunan mesajlar, “Orxon” abidələrində Bilgə xaqanın xalqa ünvanladığı “Öz dəyərlərinə sahib çıx, yoxsa başqaları səni idarə edər” çağırışı ilə səsləşir.
Məqalədə bildirilib ki, “Kaşgarlı Mahmud Yolu” yalnız elmi araşdırma deyil, həm də Türk dünyasında milli şüurun və mədəniyyətin qorunmasına xidmət edən mühüm bir təşəbbüsdür. Dilin yalnız ünsiyyət vasitəsi olmadığını vurğulayan müəllif, onun millətin tarixi, düşüncə tərzi və mədəni dəyərlərinin daşıyıcısı olduğunu qeyd edir.
C. İbrahimli həmçinin milli sözlərin və dəyərlərin qorunmasının, onları gündəlik həyata qaytarmağın və Türk dünyasında birliyi gücləndirməyin vacibliyini diqqətə çatdırıb. Onun fikrincə, bu yol davam etdirildiyi halda Türk dünyası həm mədəni, həm də tarixi baxımdan daha güclü inkişaf edəcək.