XƏBƏRLƏR

Tələbələrin elmi fəaliyyətə inteqrasiyasına yönəlmiş tanışlıq görüşü keçirilib

30 sentyabr, 2025

 

30 sentyabr 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində (ADU) Filologiya fakültəsinin I kurs, 141B qrupunun tələbələri ilə universitetin elmi-tədqiqat strukturları arasında tanışlıq görüşü təşkil olunub.

Tədbirin əsas məqsədi gənclərin elmi maraqlarını inkişaf etdirmək, onları tədqiqat fəaliyyətinə həvəsləndirmək və universitetdə mövcud olan elmi mühitlə yaxından tanış etmək olub.

Görüş iştirakçıları əvvəlcə ADU-nun əsas, II və III tədris korpuslarında fəaliyyət göstərən Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzində (EKİXM) olublar. Mərkəzin rəhbəri Cəmilə Əliyeva və əməkdaşlar tələbələrə kitabxana fondları, elektron resurslar və elmi bazalardan istifadə imkanları barədə məlumat veriblər.

Daha sonra tələbələr İngilis-fransız dilləri fakültəsi nəzdində fəaliyyət göstərən İngilis dilinin qrammatikası kafedrasında olublar. Kafedranın müdiri, professor Leyla Xanbutayeva kafedranın elmi istiqamətləri və aparılan tədqiqat işləri barədə danışıb, tələbələrin tədqiqat bacarıqlarının inkişafının fakültənin strateji hədəfləri ilə uzlaşdığını qeyd edib.

Tədbirin təşkilatçısı, kafedranın baş müəllimi və ADU-nun Strateji inkişaf və planlama şöbəsinin rəhbəri Röya Əliyeva çıxış edərək universitetin Strateji İnkişaf Planının əsas hədəflərindən birinin ADU-nu elmi-tədqiqat yönümlü ali məktəbə çevirmək olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu məqsədə çatmağın ən effektiv yolu tələbələri birinci kursdan elmi fəaliyyətə cəlb etməkdir.

Röya Əliyeva həmçinin BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən (SDG) 4 – Keyfiyyətli Təhsilin də məhz tədris və tədqiqat keyfiyyətinin artırılmasını nəzərdə tutduğunu bildirib.

Görüşdə Strateji inkişaf və planlama şöbəsinin mütəxəssisi Səxavət Nəciyev də çıxış edərək öz elmi təcrübəsini tələbələrlə bölüşüb.

Sonda qeyd olunub ki, İngilis dilinin qrammatikası kafedrasının müdiri professor Leyla Xanbutayeva və baş müəllim Röya Əliyeva tələbələrin tədqiqat bacarıqlarını inkişaf etdirmək məqsədilə universitetin Tələbə Elmi Cəmiyyəti (TEC) və EKİXM ilə birgə info-sessiyalar, dəyirmi masa müzakirələri və maarifləndirici tədbirlər təşkil etməyi planlaşdırırlar.