XƏBƏRLƏR

V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransının bağlanış mərasimi olub

26 sentyabr, 2025

Sentyabrın 25-də Azərbaycan Dillər Universiteti (ADU) və Türkiyənin Səlcuq Universitetinin təşkilatçılığı ilə keçirilən V Beynəlxalq Dil və Tərcüməşünaslıq Konfransının bağlanış mərasimi olub.

ADU-nun rektoru, akademik Kamal Abdulla konfransda dünyanın 14 ölkəsinin - Azərbaycan, ABŞ, Almaniya, Birləşmiş Ərəb Əmirliyi, Çexiya, Əlcəzair, Fransa, Gürcüstan, İtaliya, Qazaxıstan, Polşa, Rusiya, Türkiyə və Yunanıstanın 102 universitetindən 234 elm adamı iştirak etdiyini söyləyib.

Qeyd olunub ki, konfransın bölmə iclaslarında iştirakçılar fəallıq göstərmiş, yüksək peşəkarlıq nümayiş etdirmişlər.

ADU-nun Elm və innovasiya məsələləri üzrə prorektor, professor Həmidə Əliyeva konfransın əhəmiyyətindən söz açıb. Bildirilib ki, konfransa böyük maraq olub, iştirakçılar sertifikatlarla təltif olunublar.

Səlcuq Universitetinin əməkdaşı, tərcüməçi Rövşən Ramizoğlu konfransa göstərilən diqqət və qayğıya görə ADU rəhbərliyinə və kollektivinə öz təşəkkürünü bildirib.

Səlcuq Universitetinin professoru Onur Köksal konfransın təşkilatçılarına, ADU rəhbərliyinə və kollektivinə göstərdikləri peşəkarlığa və diqqətə görə öz təşəkkürünü bildirib.

Konfrans ADU ilə Səlcuq Universiteti arasında yeni əməkdaşlıq üçün əlverişli imkanlar təklif etmiş oldu. ADU konfransın ən yüksək səviyyədə keçirilməsi üçün bütün imkanlarını səfərbər edib.

Daha sonra çıxış edən konfrans iştirakçıları elmi məqalələrin aktuallığı, tərcümə sahəsində aparılan islahatlar və yeniliklər haqqında danışıblar.