XƏBƏRLƏR

ALİM ÖMRÜ: DİLARƏ İSMAYILOVA YUBİLEY YAŞINI QEYD EDİR

11 sentyabr, 2025

Deyirlər, insan dünyaya gəlməzdən öncə onun həyat missiyası bəlli olur. Ömür dediyimiz bu nəsnənin mahiyyətini dərk etmək isə bəzən illərimizi, bəzən də bir neçə nəslin zamanını əhatə edir. Dünyada alim adı bəlkə də ən ümidsiz insanın üzündə də bir işıq, bir inam, bir xilas yolu kimi anlaşıla bilər. Təbiətin insana vermiş olduğu ən böyük missiya məhz alimlərin ömür səhifələrində əks olunur.

Azərbaycanda metodika sahəsində nüfuz sahibi olan alimlər çoxdur. Onlar xalqımızın intellekt sərvəti olub, elmin sirlərinə yiyələnir, bunu böyük maraq və həvəslə başqalarına da öyrədirlər. Pedaqoji elmlər doktoru, professor Dilarə İsmayılova da belə görkəmli alimlərdəndir. O, hazırda malik olduğu hörmət və etimadı özünün gərgin əməyi, elmin çətin və əzablı yollarında inadkarlığı, mübarizliyi, bitib-tükənməyən enerjisi ilə qazanmışdır. 

Dilarə xanım ömrünü elmə, təhsilə, xalqının parlaq gələcəyinə həsr edən dəyərli ziyalılarımızdan biridir. Onun həyat yolu elmin bütün çətinliklərindən ləyaqətlə çıxa bilən bir alimin işığı ilə bağlıdır. Dilarə xanım Azərbaycan elmində, təhsilində bütün varlığı ilə çalışan, yorulmadan gənclərə öz bilik və bacarıqlarını təlqin edən fədakar ziyalılarımızdan biridir. Onun işığında gənclər özlərini daha bilikli, daha inamlı və bacarıqlı hiss etmiş, öz sahələrində uğurlara imza atmağa nail olmuşlar.

Alman filosofu Feyerbax elmə həsr olunan ömrü “əbədiyyətə bərabər” hesab etdiyini qeyd edib. Həqiqətən də elədir. Elmə, təhsilə həsr olunan ömür elə əbədiyyət deməkdir. Dilarə xanım alim ömrü ilə bizə həm də bir insanın necə yaşamalı olduğunu göstərmiş olur. Alim ömrü heç də hər kəsə nəsib olmayan bir xoşbəxtlikdir...

Professor Dilarə İsmayılovanın elmi fəaliyyəti çoxyönlü və beynəlxalq müstəvidə diqqət çəkəndir. Onun elmi əsərlərinə baxdıqda böyük əməyin və zəhmətin nəticəsini görmək olur. Aşağıdakı dərsliklərə və elmi əsərlərə baxmaq, kifayət edir ki, nə qədər böyük zəhmətin və əməyin şahidi olasan:

"İngilis-rus-azərbaycan metodik terminlər lüğəti". Bakı. Mütərcim. 2003. 210 s.

"Teaching English as a Foreign language " (Textbook).

"İngilis dilinin xarici dili kimi tədrisi metodikası" Dərslik) Bakı. 2009, 450 s.

Dilara A.Ismailova Teaching English as a Foreign Language (a textbook)2013. 316 pages

"Everyday Dialogues". Dərs vəsaiti, Bakı, Mütərcim, 2001.156 s.

Dilara A Ismailova Teaching English in a Multicultural Context. 2018 167 pages

"Intercultural Communication in Teaching a Foreign Language with Multicultural Perspectives" (Dərs vəsaiti tələbər üçün).

Dilara A Ismailova English Teaching Methodology Teaching Manual, 2021, 317 pages

Dilara A Ismailova Clossary of English Educational Terms. The Book., 2022, 743 pages

Dilarə xanımın müəllifi olduğu “Dil və Mədəniyyət” adlı dərsliyi xüsusilə qeyd etmək istəyirəm. Dərslik metodika elminə dəyərli töhfədir. Metodika, pedaqogika, psixologiya, didaktika, sosiolinqvistika və dilçilik üzrə ixtisaslaşmış doktorantlar, tədqiqatçılar və müəllimlər üçün faydalı dərslikdir. Dərsliyin əsas məqsədi ənənəvi və müasir təlim metodlarını xarici dilin tədrisi nəzəriyyəsi və metodologiyasındakı ən son yeniliklərlə birləşdirməkdən ibarətdir.

“Dil və Mədəniyyət” dərsliyi Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunan tədris proqramlarına uyğun tərtib olunmuşdur. Dərslikdə təlim prosesi, tələbələrin bir-biri ilə qarşılıqlı əlaqəsi, dərsin necə idarə olunması, müəllim və tələbələrin orijinal materiallardan necə istifadə etməsi, ingilis dilinin tədrisinin əhəmiyyəti və inkişaf yolları təqdim olunur.

Dərslik yeddi fəsildən ibarətdir və hər bir fəslin öz məqsədi var. Hər bir fəslin sonunda xarici dillərin tədrisi ilə bağlı aktual problemlərə aid suallar və bu suallara cavablar təqdim olunur. Dərslikdə mədəniyyətin tədrisi metodları, kommunikativ, mədəniyyətlərarası, multikultural bacarıqlar haqqında məlumat verilir. Dərsliyin sonunda isə biblioqrafiya verilib.

Dərsliyin ən mühüm cəhəti onun tətbiqi xarakterli olmasıdır. “Dil və Mədəniyyət” dərsliyi ali məktəb tələbələri, müəllimlər, doktorantlar, dissertantlar, ümumiyyətlə, ingilis dilini öyrənmək istəyən geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Dilarə xanımın tədqiqatları mühüm əhəmiyyət kəsb edir. Onun elmi fəaliyyəti Azərbaycan dilçiliyinə və tərcümə sahəsinə böyük fayda verir. Professorun elmi redaktorluq fəaliyyəti də önəmlidir. O, monoqrafiya, dərslik, dərs vəsaiti, kitab və kitabçanın, metodik vəsaitin, tədris proqramının elmi redaktoru, bir çox bədii əsərin redaktoru, onlarla əsərin rəyçisi olmuş, çoxsaylı dissertasiyalara, avtoreferatlara rəy vermişdir.

Tələbələrini kamil biliyə səsləyən Dilarə xanım həm də onların gələcək həyatlarının yol xəritəsini də tərtib etmiş olub. Dilarə xanımın həyat yoluna nəzər salaq:

Dilarə İsmayılova 1945-ci il sentyabrın 12-də Bakı şəhərində anadan olmuşdur. 1962-ci ildə Azərbaycan Pedaqoji Dillər İnstitutuna qəbul olub və 1968-ci ildə həmin institutu bitirib. 1966-1967-ci illərdə Hindistanda elektrik stansiyasının tikilişi dövründə Sovet mütəxəssislərinin tərcüməçisi vəzifəsində çalışıb.

1968-1973-cü illərdə Azərbaycan Pedaqoji Dillər İnstitutunda müəllim vəzifəsində işləyib. 1969-1971-ci illərdə Bakı şəhəri Nərimanov rayonunun deputatı olub.

1973-1975-ci illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Xarici dilin metodikası kafedrasının aspirantı olub. 1975-1977-ci illərdə ailə vəziyyəti ilə əlaqədar Misirdə ezamiyyətdə olub və orada tərcüməçi vəzifəsində çalışıb.

1978-1979-cu illərdə Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunun Metodika kafedrasının müəllimi vəzifəsində işləyib.

1985-ci ildə Moskvada SSRİ Pedaqoji Elmlər Akademiyası Tədrisin Məzmunu və Metodları Elmi Tədqiqat İnstitutunda "Azərbaycanın orta və ümumtəhsil məktəblərində (orta məktəblərdə və bir sıra fənlərin xarici dildə tədris edildiyi məktəblərdə) dialoji nitqin tədrisində ingilis sual-cavab dialoji vahidlərin işlənmə metodikası" mövzusunda namizədlik dissertasiyasını müdafiə edib.

1986-cı ildə Dilarə İsmayılova Moskva şəhəri SSRİ Pedaqoji Elmlər Akademiyası nəzdində olan Tədrisin Məzmunu və Metodları Elmi Tədqiqat İnstitutunda gərgin əməyin bəhrəsi olan dissertasiya işini müdafiə edib.

1989-1999-cu illərdə Dilarə İsmayılova Azərbaycan Dillər Universitetinin İkinci ixtisas ingilis dili kafedrasının müdiri, 1999-2012-ci illərdə isə Praktik ingilis dili kafedrasının müdiri vəzifəsində çalışıb.

2003-cu ildə "Dil İnstitutlarının birinci və ikinci kurslarında müasir ingilis dilində dialoji nitqin tədrisi metodikası" adlı doktorluq dissertasiyasını müdafiə edib və 2005-ci ildə Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının qərarı ilə ona pedaqoji elmlər doktoru elmi dərəcəsi verilib.

Dilarə İsmayılova Azərbaycan Respublikası Prezidenti yanında Ali Attestasiya Komissiyasının 3 aprel 2015-ci il tarixli (protokol №06 - R) qərarı ilə Professor elmi adına layiq görülüb.

2016-cı ildə isə o, Azərbaycan Respublikasının Prezidentinin "Azərbaycan Respublikasının təhsil işçilərinə fəxri adların verilməsi haqqında" sərəncamına əsasən "Əməkdar müəllim" fəxri adı ilə təltif olunub.

Dilarə İsmayılova 300-dən artıq elmi məqalənin, o cümlədən dərsliklər, dərs vəsaitilər, monoqrafiyalar, ingilis dili fənni üzrə proqramların və metodiki işləmələrin müəllifidir. Bu il isə professor Dilarə İsmayılovanın "Glossary of English Educational Terms" kitabı nəşr olunub.

Yenicə işıq üzü görən bu kitab metodika elminə dəyərli töhfədir, metodika sahəsində ilk irihəcmli izahlı lüğətdir. Təhsilin müasir inkişafı, inteqrasiyası bu sahədə atılan yeni islahatların təşəkkülü, eləcə də elmlərin və diferensiyası nəticəsində terminlərin toplanması və onların sistemləşdirilməsi "Glossary of English Educational Terms" lüğətinin tərtibini zəruri edib. Bu lügətin əsas məqsədi tələbələrə və müəllimlərə təhsil sahəsində istifadə olunan terminlərin izahını verməkdir.

Dilarə İsmayılova respublika və beynəlxalq səviyyəli elmi konfranslarda öz elmi məqalələri ilə çıxış edib, həmçinin ADU-da keçirilən bir çox konfransların təşkilatçısı və bölmə rəhbəri olub.

Ömrünü Azərbaycan elminə, təhsilinə həsr edən dəyərli Dilarə xanımı 80 illik yubileyi münasibətilə təbrik edir, cansağlığı, yeni-yeni uğurlar arzu edirik.

Tural Cəfərli

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı