XƏBƏRLƏR

ADU müəllimləri beynəlxalq təlimdə iştirak ediblər

09 sentyabr, 2025

Azərbaycan Dillər Universitetinin Avropa dilləri kafedrasının əməkdaşları – fil.f.d., dosent Günel Eyvazlı, baş müəllimlər Rəhimə Babayeva və Elvina Baxışova 4 sentyabr 2025-ci il tarixində keçirilən təlimdə iştirak ediblər.

Təlim Gənc Xarici Dil Müəllimləri Birliyinin təşkilatçılığı ilə baş tutub. “Students centered classroom makes students active and motivated” mövzusunda keçirilən təlimi Yaponiyanın Naqoya Xarici Dillər Universitetinin müəllimi Yoko Takano aparıb. O, artıq 25 ildir ki, yerli və beynəlxalq tələbələrə ingilis dilini tədris edir.

Təlimdə ölkənin müxtəlif universitetlərindən 53-dən çox müəllim iştirak edib. Tədbirin əsas məqsədi ali məktəb müəllimlərinin tələbə yönümlü yanaşmanı tətbiq etməsi, interaktiv metodlardan istifadə bacarıqlarını inkişaf etdirməsi və beynəlxalq təcrübə ilə tanış olması olub.

Gənc Xarici Dil Müəllimləri Birliyinin sədri Günay Əkbərova müəllimlərin fəallığını yüksək qiymətləndirərək gələcəkdə də onların peşəkar inkişafını dəstəkləyəcək müxtəlif təlimlərin keçiriləcəyini bildirib.

Sonda iştirakçılara sertifikatlar təqdim olunub.