ADU-da Strateji İnkişaf Proqramına dair seminar keçirilib
14 iyul 2025-ci il tarixində Təhsildə Xarici dillər kafedrasında kafedranın dosenti Salman Nuriyevin moderatorluğu ilə “Strateji inkişaf proqramı: məqsəd, missiya və prinsiplər” mövzusunda seminar keçirilib. Seminarın məqsədi müəllim heyətini ali məktəbin strateji inkişaf istiqamətləri ilə tanış etmək və bu sahədəki bilik və anlayışları gücləndirmək idi.
Seminarda çıxış edən kafedra müdiri dosent Həqiqət Hacıyeva qeyd edib ki, strateji inkişaf proqramı ali təhsil müəssisəsinin uzunmüddətli məqsədlərini, dəyərlərini və gələcəyə dair planlarını əks etdirən vacib sənəddir. Bu proqram həm də kafedraların fəaliyyət istiqamətlərini gücləndirir və ümumi inkişaf yolunu müəyyənləşdirir. Kafedra müdiri Həqiqət xanım həmçinin müəllimləri strateji sənədlərlə yaxından tanış olmağı və prosesə məsuliyyətlə yanaşmağı tövsiyə edib.
Seminarı təqdim edən dosent Salman müəllim proqramın anlayışı, məqsədi, missiyası və əsas prinsipləri barədə ətraflı məlumat verib. O, həmçinin müəllimlərin bu istiqamətdə rolu və töhfəsi barədə də danışıb.
Seminar interaktiv şəkildə keçirilib, müəllimlər seminarda aktiv iştirak edərək, seminarın moderatoruna strateji inkişaf proqramı ilə bağlı suallarını ünvanlanıb və mövzu barədə fikir mübadiləsi aparılıb. Seminarın sonunda strateji inkişaf proqramının uğurla həyata keçirilməsində hər bir kafedra üzvünün töhfəsinin vacibliyi vurğulanıb.
Kafedra müdiri dos. Həqiqət Hacıyeva, prof. Əsgər Zeynalov və digər kafedra əməkdaşları Salman müəllimə təşkil etdiyi səmərəli və çox faydalı seminara görə təşəkkürlərini bildiriblər.



