SÖZÜN ÇİÇƏKLƏNDİYİ GÜN

Azərbaycan Dillər Universitetinin ənənəvi Germanistika Bayramı bu il də böyük ruh yüksəkliyi ilə qeyd olunub. DLV - Azərbaycanda Alman dili Müəllimləri İctimai Birliyinin təşkilatçılığı ilə ADU-nun Təbriz korpusunda “Sözün çiçəkləndiyi gün” adlı qeyri-adi bir bayram qeyd edilib. Bu bayram, tələbə və müəllimlərin əməyi, yaradıcılığı və alman dilinə olan sevgisinin məhsuludur. Bayram çərçivəsində DAAD - Alman Azərbaycan Mübadilə Xidmətinin ADU-dakı nümayəndəsi, ADU-da, eləcə də bölgələrdəki orta və ali təhsil müəssisələrində çalışan alman dili müəllimləri, Azərbaycandakı Lüteran kilsəsinin keşişi Gotthard Lemke və tələbələr geridə qoyduğumuz tədris ili barədə təəssüratlarını bölüşüblər.
Bu, sadəcə bir tədbir deyil - dilin, fikrin, yaradıcılığın, mədəniyyətin və sevginin bayramıdır. Dil yaşadıqca, insan var; mədəniyyət yaşadıqca isə cəmiyyət var. Çünki dil – sadəcə ünsiyyət vasitəsi deyil, insan ruhunun, tarixinin və düşüncəsinin güzgüsüdür. Germanistika bu güzgüyə sevgi ilə baxmağı, hər kəlmənin alt qatına enməyi, hər sükutda bir ahəng görməyi öyrədir. Germanistika təkcə alman dili və ədəbiyyatını öyrənmək deyil, eyni zamanda dünyagörüşünü, mədəniyyətlərarası dialoqu və elmi düşüncə tərzini inkişaf etdirməkdir. Burada dillər sadəcə öyrənilmir, onlar anlaşılır, hiss olunur. Germanistika yalnız bir ixtisas deyil — bu, bir düşüncə tərzi, bir dünyadır. Germanistika fikir, mətn və sözlərin boy atdığı bağa bənzəyir. Sözlər də çiçək kimidir. Onlar sevildikcə gözəlləşir, baxıldıqca böyüyür, danışıldıqca, nəfəs alır. Germanistika da bu çiçəklərin becərildiyi bağdır. Germanistika bağı – alman dili müəllimlərinin ortaq yaddaşı, ortaq gələcəyidir. Bu bağ — bir mədəniyyət, bilik və düşüncə bağçasıdır. Hər bir bağ kimi o da qulluq, səbr və sevgi tələb edir. Gəlin, bu bağı sevgi ilə bəsləyək, düşüncə ilə sulayaq və biliklə böyüdək. Çünki hər birimiz Germanistika bağının qoruyucusuyuq.
Tədbirdə ənənəvi olaraq qızılgül kolu əkildi. Qızılgül — sevginin, gözəlliyin və səmimiyyətin simvoludur. Əkdiyimiz bu qızılgül kolu dilimizin köklərinin dərinliyini, sözümüzün böyüklüyünü və mədəniyyətimizin zənginliyini simvollaşdırır. Bu, bizim birgə gələcəyimizə, elmə və sənətə olan bağlılığımızın nişanəsidir. Bu gül kimi alman dili və onun zəngin ədəbiyyatı da insanların qəlbində dərin izlər buraxar.
Sözün çiçəkləndiyi bu gündə hər kəs hər bir çıxışda, hər bir fikirdə, torpağa toxunan hər bir əldə dil sevgisini hiss etdi. Əkilən hər gül – dilə hörmətin, sözə dəyərin, mədəniyyətə bağlılığın rəmzidir. Çünki dil canlı bir bağdır – hər yeni öyrənilən yeni sözlə, mətnlə, hər paylaşılan fikirlə o böyüyür. Bu gün birlikdə əkilən güllə yalnız ədəbiyyatı, dili və elmi deyil, insanlar arasındakı birlik də ucalır.
Burada əkilən qızılgül həm də bizim Germanistikaya sevgimizin, sözə və mədəniyyətə verdiyimiz dəyərin canlı ifadəsidir. Bu bağı qorumaq bizim borcumuzdur. Biz bu bağı əkirik, sulayırıq, düşüncələrimizlə işıqlandırırıq.
Çünki bu bağda təkcə alman dili deyil, fikirlər, mədəniyyətlər və qəlblər arasında bağlar yetişir. İnanırıq ki, bu gün əkilən qızılgüllər kimi sözlərimiz də zamanla kök salacaq, ürəklərdə yaşayacaq və gələcək nəsillərə ötürüləcək. Çünki dil yaşadıqca, söz çiçək açdıqca mədəniyyət yaşayır, insan yaşamağa dəyər tapır.
Biz bu bağı yalnız torpaqda deyil, könüllərdə salırıq. Əkdiyimiz hər gül, söylədiyimiz hər söz, paylaşdığımız hər fikir bu bağda bir iz kimi qalacaq. Biz inanırıq ki, bu tədbir bir çox gəncə alman dili və mədəniyyətini daha yaxından tanımaq və sevmək üçün yeni motivasiya verəcək.
Gəlin birlikdə danışaq, oxuyaq, düşünək və bu dili sadəcə qorumaqla kifayətlənməyək, onu çiçəkləndirək.
Sözün çiçəkləndiyi, hər bir düşüncənin çiçək açdığı və hər bir insanın içindəki dil sevgisinin işıqlandığı bu günü birlikdə yaşatdığınız üçün təşəkkür edirik.
Tədbirin sonunda iştirakçılar arasında belə bir fikir geniş şəkildə səsləndi:“Bu il bizi yalnız biliyə deyil, həm də birliyə, əməkdaşlığa, yaradıcılığa bağladı. Növbəti tədris ili üçün bu ruhu qoruyub saxlamaq əsas məqsədimizdir”.
ADU-nun İngilis və alman dilləri fakültəsi nəzdində Alman dilinin leksikologiyası və üslubiyyatı kafedrasının müdiri fil.f.d.,dos.Xuraman Əsgərova















