XƏBƏRLƏR

ADU-da “Məzun günü” keçirilib

03 iyul, 2025

İyulun 3-də Azərbaycan Dillər Universitetində (ADU) 2024/2025-ci tədris ilində bakalavriat və magistratura səviyyələrində təhsillərini başa vuran tələbələrin “Məzun günü” keçirilib.

Tədbirdə millət vəkilləri, müxtəlif ölkələrin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirləri və diplomatik korpusun nümayəndələri, universitetin professor-müəllim heyəti, müxtəlif dövlət qurumlarının əməkdaşları iştirak ediblər.

“Məzun günü” tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra “Gaurdeamus” tələbə himni səslənib.

ADU-nun rektoru, akademik Kamal Abdulla məzunları təbrik edib, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb:

“Bu gün bizimlə olan qonaqlarımıza - səfirlərə, millət vəkillərinə, universitetimizin dostlarına, valideynlərə dərin təşəkkürümü bildirirəm. İnanıram ki, ADU məzunları gələcək həyatlarında Vətəninə, dövlətinə, bayrağına, xalqına sədaqətlə, ləyaqətlə xidmət edəcək, öz bilik və bacarıqlarını ən yüksək səviyyədə göstərəcəklər".

Kamal Abdulla əlavə edib ki, ADU-nun qapıları öz məzunlarının üzünə həmişə açıq olub və bu, hər zaman belə olacaq:

“Əziz məzunlar, harada olmağınızdan asılı olmayaraq, biz həmişə sizin yanınızda olacağıq. Siz bizim mənəvi dəstəyimizə həmişə arxayın ola bilərsiniz. Öz yurdunuzun, torpağınızın, təhsil aldığınız universitetin adını həmişə ləyaqətlə ucaldacaqsınız. Hamınızı təbrik edirəm, bağrıma basıram. Xahiş edirəm, mənim və həmkarlarımın ən xoş arzularını evdə valideynlərinizə də söyləyin”. 

Tələbələrə ən yüksək akademik göstəricilərinə görə Fəxri məzun diplomu və Fəxri fərmanları Çin Xalq Respublikasının Azərbaycandakı səfiri xanım Lu Mey, Almaniyanın Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Ralf Horlemann, İtaliyanın Azərbaycandakı fövqalədə və səlahiyyətli səfiri Luca Di Gianfrancesco, Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Vatanabe Katsuya, Venesuela Boliver Respublikasının səfirliyinin müşaviri İsis Lessman, Koreyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kanq Kımqu, Əlcəzairin Azərbaycandakı səfiri  Zakia İghil, Argentina konsuluğunun müvəqqəti işlər üzrə vəkili Leandro Daniel Verteramo, Milli Məclisin deputatları Arzu Nağıyev, Sadiq Qurbanov, Tamam Cəfərova, Naqif Həmzəyev, Səbinə Xasayeva, Elman Nəsirov, Müşfiq Məmmədli, Aydın Hüseynov, Təhsildə keyfiyyətin təminatı agentliyinin idarə heyətinin sədr müavini Kamran Rəsulov, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının sədr müşaviri Əlisa Qurbanov, Milli Qəhrəman Mübariz İbrahimov adına Biləsuvar təhsil kompeksinin müdiri Aqşin Bağırov təqdim edib.

Tədbir bədii proqramla davam edib.

Qeyd edək ki, 2024-2025-ci tədris ilində universitetin 1395 bakalavr, 305 magistr olmaqla, ümumilikdə 1702 tələbəsi məzun adını alıb.