ADU-nun muzeyi UMAC beynəlxalq bazasına daxil edilib

Azərbaycan Dillər Universiteti (ADU) ölkə üzrə daha bir ilkə imza ataraq növbəti uğurunu əldə edib. Belə ki, universitetin nəzdində fəaliyyət göstərən muzey Beynəlxalq Muzeylər Şurasının (ICOM) Universitet Muzeyləri və Kolleksiyaları üzrə Komitəsi – UMAC-ın məlumat bazasına daxil edilib.
Bu barədə ADU Muzeyinin müdiri Lalə Məmmədova məlumat verib. O bildirib ki, Azərbaycan Dillər Universitetinin muzeyi ölkə üzrə UMAC bazasına daxil edilən ilk universitet muzeyidir. Muzey, beynəlxalq miqyasda universitet muzeylərinin kolleksiyalarını təsnif edən institusional tipologiyada “muzey” statusu ilə qeydiyyata alınıb.
Lalə Məmmədova qeyd edib ki, bu proses texniki baxımdan sadə görünsə də, Azərbaycanın mədəniyyəti və təhsilinin beynəlxalq aləmdə tanıdılması baxımından mühüm əhəmiyyət daşıyır. O, həmçinin universitet rəhbərliyinin yalnız təhsil sahəsinə deyil, mədəniyyətə və multikultural dəyərlərin təbliğinə də xüsusi önəm verdiyini vurğulayıb.
Hazırda muzeydə Azərbaycan Dillər Universitetinin fəaliyyəti və uğurlarını əks etdirən eksponatlar nümayiş etdirilir. Hər bir eksponat haqqında onun hekayəsi və tarixi ilə bağlı ətraflı məlumat təqdim olunub.
Qeyd edək ki, UMAC – Beynəlxalq Muzeylər Şurasının (ICOM) universitet muzeyləri və kolleksiyaları üzrə beynəlxalq komitəsidir. Komitənin əsas missiyası tədqiqat, təhsil və mədəni, tarixi, təbii və elmi irsin qorunmasına həsr olunmuş əsas resurslar kimi universitet muzeylərinin və kolleksiyalarının davamlı inkişafını təmin etməklə cəmiyyətə töhfə verməkdir.