XƏBƏRLƏR

ADU-nun rektoru Müsabiqə Komissiyasının üzvləri ilə görüşüb

10 iyun, 2025

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ADU-da fəaliyyət göstərən Müsabiqə Komissiyasının üzvləri ilə görüşüb. Görüşdə müsabiqənin təhsil sahəsində aparılan islahatlara uyğun şəkildə təşkili, şəffaflığın təmin olunması ilə bağlı məsələlər müzakirə olunub. 

Rektor görüş zamanı bildirib ki, Azərbaycan Dillər Universitetində fəaliyyət göstərən Müsabiqə Komissiyası müəllimlərin bilik və bacarıqlarının obyektiv qiymətləndirilməsi, onların peşəkar inkişafının stimullaşdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Attestasiya bizim üçün sadəcə formal prosedur deyil. Bu prosesin əsas məqsədi müəllim heyətinin fəaliyyətini düzgün qiymətləndirmək, onların tədris keyfiyyətini artırmaq və universitetdə akademik mühitin inkişafına töhfə verməkdir. Bu, müəllimin öz fəaliyyətinə obyektiv baxması, zəif və güclü tərəflərini görməsi, gələcək fəaliyyət istiqamətlərini müəyyən etməsi üçün fürsətdir. Biz bu prosesi sadəcə rəsmi yoxlama deyil, peşəkar inkişaf platforması kimi görürük. 

Rektor komissiya üzvlərinə tövsiyə edib ki, qiymətləndirmə zamanı obyektivliyi və tərəfsizliyi rəhbər tutsunlar. Hər bir müəllimin fəaliyyəti fərdi qaydada təhlil olunsun, onların elmi və pedaqoji göstəriciləri ədalətli şəkildə dəyərləndirilsin. Qiymətləndirmə zamanı obyektivlik və şəffaflıq əsas prinsip olmalıdır. Bu proses nə qədər şəffaf və ədalətli aparılsa, nəticədə əldə olunan inkişaf bir o qədər möhkəm olacaq. 

Attestasiya kiminsə kənarlaşdırılması üçün vasitə deyil. Əksinə, bu proses müəllimlərə özlərini daha da inkişaf etdirmək üçün imkanlar açmalıdır. Biz potensialı olan hər bir əməkdaşımıza dəstək verməliyik. Rekror həmçinin müəllimlərin attestasiya zamanı üzərinə düşən məsuliyyəti və bu prosesin şəffaf şəkildə aparılmasının vacibliyini vurğulayıb. 

Görüşün sonunda rektor komissiya üzvlərinə uğurlar arzulayıb, onlara bu məsuliyyətli prosesdə prinsipialılıq və ədalətli mövqe nümayiş etdirməyi tövsiyə edib.