Pəncab Universitetinin professoru ADU tələbələri ilə görüşüb

Bakıda səfərdə olan Pakistanın Pəncab Universitetinin Kino və Yayım Departamentinin sədri Prof. Dr. Lubna Zaheer Azərbaycan Dillər Universitetində (ADU) yerləşən Pakistan Mədəniyyət Mərkəzinin dəvəti ilə universitetin pakistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələri ilə görüş keçirib.
Görüş Pakistan Mədəniyyət Mərkəzinin müdiri Mahmud Atharın təşəbbüsü ilə baş tutub. Tədbirdə Avropa dilləri kafedrasının baş müəllimi Sevda Abuzərli də iştirak edib və tələbələrin Pakistan İslam Respublikası ilə bağlı hazırladıqları sərbəst işlər haqqında ətraflı məlumat verib.
Professor Lubna Zaheer pakistanşünaslıq ixtisası üzrə təhsil alan tələbələrlə səmimi ünsiyyət quraraq onların Urdu dilini anlama və danışma bacarığını yüksək qiymətləndirib. O, tələbələrin Pakistanın dili, tarixi və mədəniyyətinə göstərdikləri marağı təqdir etdiyini bildirib. Eyni zamanda, Quaid-e-Azam Məhəmməd Əli Cinnah və Əllamə Məhəmməd İqbal kimi görkəmli şəxslər barədə tələbələrin məlumatlı olması qonaqda xüsusi təəssürat yaradıb.
Görüşlə bağlı Prof. Dr. Lubna Zaheer Pəncab Universitetinin Kino və Yayım Departamentinin rəsmi Facebook səhifəsində paylaşım edərək, bu akademik əlaqəni Pakistan rəhbərliyinin Azərbaycanda artan nüfuzunun göstəricisi kimi dəyərləndirib.
Görüşün sonunda qonaq tələbələrin suallarını cavablandırıb və bu cür akademik və mədəni mübadilələrin iki dost ölkə arasında münasibətlərin daha da möhkəmlənməsinə töhfə verəcəyinə inamını ifadə edib.









