Tələbələr Beynəlxalq Elmi Konfrans iştirak ediblər

Azərbaycan Dillər Universiteti (ADU) Tələbə Gənclər Təşkilatının (TGT) sədri Nicat Əliyev və təşkilatın 3 üzvü ATGTİ idarə heyəti ilə birlikdə Tacikistanda keçirilən Beynəlxalq Elmi Konfrans iştirak ediblər.
Konfrans 18-25 may tarixlərində Tacikistan Respublikasının Təhsil Nazirliyi, “Gənclər Evi” və IFESCCO-nun birgə təşkilatçılığı ilə keçirilib.
Konfrans zamanı N. Əliyev Azərbaycanın II Dünya Müharibəsində əvəzsiz rolundan, töhfələrindən danışıb. Həmçinin, ölkəmizin gənclər siyasəti və gənclər təşkilatları haqqında məlumat xarakterli tədbirlər təşkil edilib.
MDB məkanında beynəlxalq əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi məsələləri, müharibə şəraitində gənclərin rolu, strateji istiqamətlərin işlənib hazırlanması və həyata keçirilməsi prosesində gənc mütəxəssislərin aktiv iştirakı, yeni layihə təşəbbüsləri barədə müzakirələr aparılıb.
Konfransda Azərbaycanla yanaşı, Belarusiya, Qazaxstan, Qırğızıstan, Ermənistan, Rusiya, Tacikistan, Türkmənistan, Özbəkistan kimi ölkələrin nümayəndələri də iştirak edib.
Mədəniyyət günləri çərçivəsində Azərbaycan nümayəndə heyəti layiqincə təmsil olunub. Milli mətbəximiz, mahnılarımız və rəqslərimiz nümayiş etdirilib. Nümayəndə heyətimiz tərəfindən ölkəmiz haqqında təşkil edilən müsabiqələrdə aktivlik göstərən xarici ölkələrdən olan iştirakçılar hədiyyələr qazanıblar.
Azərbaycan nümayəndə heyətinin üzvləri göstərdikləri yüksək fəallığa görə sertifikatla təltif olunublar.





























