ADU “Analitik İnformasiya Xidməti” bölməsinin 4 illik fəaliyyətinə dair təqdimat tədbiri keçirilib

29 may 2025-ci il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Kitabxana və İnformasiya Xidməti Mərkəzində (EKİXM) “Analitik İnformasiya Xidməti” bölməsinin 2021–2024-cü illəri əhatə edən 4 illik fəaliyyətinə həsr olunmuş təqdimat tədbiri keçirilib.
Tədbirdə universitet rəhbərliyi, professor-müəllim heyəti, kitabxana işçiləri və müxtəlif qonaqlar iştirak ediblər. Tədbirin açılışını EKİXM-in direktoru Cəmilə Əliyeva edib. O, çıxışında Analitik İnformasiya Xidməti bölməsinin yaradılma məqsədi, fəaliyyət istiqamətləri və son illərdə əldə edilən nailiyyətlər haqqında məlumat verib.
Cəmilə Əliyeva vurğulayıb ki, bölmə müasir informasiya çağırışlarına cavab verən analitik məzmunun hazırlanması, məlumatların strukturlaşdırılması və elmi-tədris prosesinin informasiya ilə təmin edilməsində mühüm rol oynayıb. O, həmçinin EKİXM-in fəaliyyətini müasir tələblərə uyğun şəkildə qurduğunu və universitetin elmi potensialına informasiya dəstəyi göstərdiyini qeyd edib. Gələcəkdə rəqəmsal resursların genişləndirilməsi və istifadəçi yönümlü xidmətlərin artırılması əsas prioritetlərdən biri kimi müəyyən olunub.
Təqdimat zamanı bölmə əməkdaşlarının hazırladığı təqdimatlar vasitəsilə görülən işlər iştirakçıların diqqətinə çatdırılıb. Bölmənin əməkdaşı, fəlsəfə doktoru Pərviz Kazımi 4 illik fəaliyyətə dair illik hesabatın təhlil olunduğu slayd təqdimatı ilə çıxış edib. Tədbir iştirakçıları eyni zamanda EKİXM-in yeni imkanları və xidmət modelləri ilə də tanış olublar.
Tədbirdə çıxış edən fakültə dekanları, kafedra müdirləri və kitabxana əməkdaşları Analitik İnformasiya Xidməti bölməsinin fəaliyyətini yüksək qiymətləndirərək bu istiqamətdə görülən işlərin davamlılığının vacibliyini vurğulayıblar.
Sonda tədbir iştirakçıları bölmə əməkdaşlarına təşəkkür edərək, gələcək fəaliyyətin genişləndirilməsi ilə bağlı müxtəlif təkliflər səsləndiriblər.t





















