XƏBƏRLƏR

ADU-da Müstəqillik Gününə həsr olunmuş tədbir keçirilib

27 may, 2025

27 may 2025-ci il tarixində Azərbaycan Dillər Universitetində Beynəlxalq Münasibətlər və Regionşünaslıq fakültəsinin nəzdində fəaliyyət göstərən Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrası, eləcə də Tələbələrlə iş və tədbirlərin təşkili şöbəsinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik ili” çərçivəsində Müstəqillik Gününə həsr olunmuş “Azərbaycan dövlətçiliyinin qürur səhifəsi” adlı tədbir keçirilib.

Tədbirdə kafedra müdirləri, müəllim heyəti və tələbələr iştirak ediblər. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.

Moderator, fakültə dekanı, professor İbrahim Kazımbəyli çıxış edərək Azərbaycan Xalq Cümhuriyyətinin yaranma tarixi, dövlətçilik tariximizdəki rolu və həyata keçirdiyi mühüm tədbirlər haqqında ətraflı məlumat verib.

Tədbir çərçivəsində “Azərbaycan Xalq Cümhuriyyətinə” həsr olunmuş videoçarx nümayiş etdirilib. Daha sonra Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Şəlalə Bağırova “Azərbaycan Xalq Cümhuriyyəti və demokratik dəyərlər”, dosent Zərifə Əliyeva isə “İstiqlaliyyət qurucuları” mövzusunda məruzə ilə çıxış ediblər.

Tədbirdə Azərbaycan Dillər Universiteti tələbələrinin ifasında “Azərbaycanım” adlı bədii kompozisiya da təqdim olunub.

Müzakirələr zamanı Qafqazşünaslıq və Azərbaycan tarixi kafedrasının dosenti Namiq Kərimov “Azərbaycan Xalq Cümhuriyyəti” ifadəsinin mənasını izah edərək, bu anlayışın həqiqətən də xalq hakimiyyəti mənasında işləndiyini vurğulayıb.