ADU-da İİV-lə bağlı maarifləndirmə tədbiri keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) “Özünü QİÇS-dən qoru” adlı maarifləndirmə aksiyası təşkil olunub.
Aksiya Səhiyyə Nazirliyi Respublika QİÇS-lə Mübarizə Mərkəzinin (RQMM) təşəbbüsü ilə keçirilib və tədbirdə universitetin tələbələri fəal iştirak ediblər.
Tədbir zamanı tələbələrə insan sağlamlığı üçün ciddi təhlükə yaradan İnsanın İmmunçatışmazlığı Virusu (İİV) və Qazanılmış İmmun Çatışmazlığı Sindromu (QİÇS) barədə ətraflı məlumat verilib. Təcrübəli həkimlər virusun yoluxma yolları, profilaktik tədbirlər, diaqnostika və müalicə üsulları barədə təqdimatla çıxış ediblər.
Bildirilib ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzində müayinə və müalicə anonim və ödənişsiz əsaslarla həyata keçirilir. Həmçinin vaxtında qoyulmuş diaqnozun bir çox hallarda xəstəliklərin qarşısının alınmasında mühüm rol oynadığı tədbir iştirakçılarının diqqətinə çatdırılıb.
Tədbir zamanı iştirakçıların fərdi sualları cavablandırılıb, İİV/QİÇS-ə dair broşurlar və bukletlər paylanıb.









