XƏBƏRLƏR

ADU-nun tələbələri qadın və uşaq sığınacağında olublar

12 may, 2025

Azərbaycan Dillər Universitetinin İngilis və fransız dilləri fakültəsi nəzdində fəaliyyət göstərən Linqvokulturologiya kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru Aysel Səfərovanın təşkilatçılığı ilə İngilis və alman dilləri fakültəsinin 201A qrup tələbələri “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin qadın və uşaq sığınacağında olublar. Səfər How a Ugandan girl  got an Education adlı açıq dərs mövzusunun canlı davamı və öyrənmənin auditoriyadan kənarda davam etdiyini göstərən təşəbbüs olub.

Görüşün əsas məqsədi sığınacaqda yaşayan uşaqlara mənəvi dəstək göstərmək, onların sosiallaşmasına və təhsilə inteqrasiyasına töhfə vermək olub. Sığınacaqda yaşayan uşaqlarla keçirilən görüş, bu dərslərdə müzakirə edilən ideyaların real həyatla necə uyğunlaşdığını göstərib. Tələbələr uşaqlarla müxtəlif interaktiv oyunlar oynayıb, onların arzularını və gələcək planlarını dinləyiblər.

Müəllim Aysel Səfərova görüş zamanı qeyd edib ki, uşaqların hər biri öz həyat hekayəsinin müəllifidir: “Bizim vəzifəmiz, onların bu hekayəsini uğurla yazmaları üçün dəstək olmaqdır.” 

Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin qadın və uşaq sığınacağının direktoru Elnurə Zeynalova tədbirin əhəmiyyətini vurğulayaraq bildirib ki, bu cür təşəbbüslər uşaqların cəmiyyətə inteqrasiyası və onların gələcəkdə uğurlu fərdlər kimi yetişməsi üçün mühüm rol oynayır. Gənclərin bu prosesdə iştirakı cəmiyyətin inkişafına töhfədir.

 Görüş təkcə sosial məsuliyyət aksiyası deyil, eyni zamanda tələbələr üçün empatiyanın, həyat dərsinin, gərçək ünsiyyətin dəyərini anlamaq üçün öyrənmə məkanı olub.