XƏBƏRLƏR

Beynəlxalq təşkilatlar ADU-nun erməni terroru haqqında yazdığı məktublara cavab göndəriblər

Bakı, 26 oktyabr, AZƏRTAC  

https://azertag.az/xeber/Beynelxalq_teskilatlar_ADU_nun_ermeni_terroru_haqqinda_yazdigi_mektublara_cavab_gonderibler-1624431  

Azərbaycan Dillər Universitetində (ADU) Rektoryanı şuranın tövsiyəsi ilə erməni təxribatları və terroru haqqında həqiqətlərin dünyaya çatdırılmasına xidmət edən qərargah yaradılıb. Universitetdə fəaliyyət göstərən mərkəzlərin, institutların, elmi-tədqiqat laboratoriyalarının əməkdaşları, eyni zamanda, tələbələr, magistrlər, doktorantlar və digər strukturların əməkdaşları müxtəlif dövlət başçılarına, beynəlxalq qurumlara, media orqanlarına, elm xadimlərinə işğalçı Ermənistanın hərbi təxribatları, dinc insanlara qarşı törətdiyi terror əməlləri barədə məktublar göndərir.

ADU-nun İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, bu günədək ünvanlanan 600-dən çox məktub ingilis, rus, macar, İndoneziya, ivrit, serb, fransız, alman, ispan, italyan, yapon, Koreya, Norveç, İsveç, dan, ərəb və s. dillərdə yazılıb. Qarabağ həqiqətlərinin informativ təbliğatı üçün tərtib olunan və məzmunca bir-birini təkrar etməyən məktubların göndərilməsi davam edir. Məktublara artıq cavablar gəlməkdədir.

İngiltərənin Pearson Təhsil və Elm Mərkəzi, Mərakeşin İbn Zöhr Universiteti, Tokio Universiteti, Virciniya Birlik Universiteti, Norveçin ölkəmizdəki sabiq səfiri Steynar Gil, “Frans24” xəbər kanalı, Venesiya Universiteti, İzmir Ekonomi Universiteti, Frankofoniya Təşkilatı, Kanada Bioloqlar Assosiasiyası, Kabul Universiteti, Yaponiyanın “Ecco” cəmiyyəti, Nippon Akademiyası məktublara reaksiya verərək cavab göndəriblər.

Qarabağ həqiqətləri haqqında göndərilən məktublarda qeyd olunur ki, 30 ilə yaxındır Azərbaycan dövləti öz tarixi torpaqları uğrunda erməni işğalçıları ilə mübarizə aparır. Torpaqlarımızın 20 faizi işğal olunub, bir milyondan çox insan öz tarixi yurdlarından didərgin düşüb. 1994-cü ildən Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında sazişin bağlanmasına baxmayaraq, Ermənistan tərəfi mütəmadi olaraq bu rejimi pozur, hərbi təxribatlara əl atır. Azərbaycan Silahlı Qüvvələri işğal olunmuş torpaqlarını azad etmək, bölgədə sülhü və əmin-amanlığı bərpa etmək üçün öz ərazilərində əməliyyat aparır.

İşğalçı Ermənistanın silahlı qüvvələri bütün beynəlxalq qanunları pozaraq Azərbaycanın cəbhə bölgəsinə yaxın olan və həmin ərazilərdən uzaqda yerləşən şəhər və kəndlərə raket zərbələri endirir, mülki insanları qətlə yetirməklə öz terrorçu mahiyyətlərini bir daha dünyaya sübut etmiş olurlar.

Müəlliflər ümidvar olduqlarını bildirirlər ki, bir sıra beynəlxalq təşkilatlar Azərbaycanın ərazi bütövlüyünü tanıyan beynəlxalq hüquqa və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətlə yanaşacaq, Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında fəal və ədalətli mövqe göstərəcəklər.