TƏLƏBƏ HƏYATI

ADU-da ilk dəfə “Bir günlük xəlifə” Tələbə Özünüidarəetmə Günü keçiriləcək

Dekabrın 13-də Azərbaycan Dillər Universitetində (ADU) “Bir günlük xəlifə” layihəsi həyata keçiriləcək. Qeyd edək ki, “Bir günlük xəlifə” ADU-da yeni yaradılan Auditoriya+ şöbəsinin ilk böyük layihəsidir.

“Bir günlük xəlifə” layihəsi çərçivəsində tələbələr bir gün ərzində universitetin rəhbər strukturlarını idarə edəcəklər. Həmin gün rəhbər vəzifələri icra edən  tələbələrin qərarları tam hüquqi qüvvəyə malik olacaq. Vəzifələri tutan şəxslər bir gün ərzində icra etdikləri vəzifənin maaşını alacaqlar. Tələbələr universitetin rektoru, prorektorları, fakültə dekanları da daxil olmaqla 32 rəhbər vəzifəyə namizədliklərini verə bilərlər. Vəzifələri tutan şəxslər həmin gündən universitetin “Kölgə kabineti”ni formalaşdırır, kabinet  növbəti “Xəlifə günü”nə qədər öz fəaliyyətini davam etdirir.

Artıq “Bir günlük xəlifə” layihəsi ilə bağlı elanlar hazırlanıb, tələbələr məlumatlandırılıb. Vəzifələrin tutulmasına namizədliyini vermiş şəxslər öncə özləri haqda qısa informasiya, əlaqə nömrəsi və namizəd olduqları vəzifəyə uyğun platformalarını yazılı şəkildə təqdim etməlidirlər. Müraciətlər Auditoriya+ şöbəsində və Tələbə Gənclər Təşkilatının II Tədris binasındakı otağında qəbul olunur. Müraciətlərə əsasən namizədlər seçim turlarına dəvət olunacaqlar. 30 oktyabr 2017-ci il tarixi müraciət üçün son gündür.

Ötən həftələrdə layihə ilə bağlı seminarlar təşkil olunub. Seminarlarda “Bir günlük xəlifə” layihəsinin seçim turunun mərhələləri, namizədlərin platformalarını yazmaq qaydası və səsvermənin qaydaları barəsində tələbələrə geniş şəkildə məlumat verilib, “Bir günlük xəlifə” layihəsinin mahiyyəti izah olunub. Həmçinin “Bir günlük xəlifə” layihəsində universitetin rəhbər strukturlarının idarə edilməsi, həmin gün ərzində vəzifələri icra edəcək tələbələrin qərarlarının tam hüquqi qüvvəyə malik olması, vəzifələri tutacaq şəxslərin icra edəcəkləri vəzifənin bir günlük maaşını alacaqları da tələbələrin diqqətinə çatdırılıb. Seminar iştirakçılarının layihə ilə bağlı sualları cavablandırılıb, universitetin hər bir tələbəsi, magistrant və doktorantlarının layihədə iştirak edə biləcəyi, vəzifələri tutacaq şəxslərin həmin universitetin “Kölgə kabineti”ni formalaşdıracağı və “Kölgə kabinetinin” fəaliyyəti barədə ümumi məlumat verilib.

“Bir günlük xəlifə” layihəsi tələbələr arasında böyük marağa səbəb olub. Tələbələr 13 dekabr  2017-ci il tarixində keçiriləcək “Bir günlük xəlifə” gününü, eləcə də rəhbər strukturlarını kimlərin tutacağını səbirsizliklə gözləyirlər.

İnanırıq ki, bu layihə tələbələrin özünüidarəetmə, işgüzarlıq xüsusiyyətlərinin inkişafında, peşə məsuliyyətlərini dərk etmələrində böyük rol oynayacaq. Qeyd edək ki, hazırda layihə ilə bağlı bakalavr və magistrantlar daxil olmaqla yüzə qədər tələbə qeydiyyatdan keçib.