TƏLƏBƏ HƏYATI

Argentina səfiri “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb

Mayın 29-da Azərbaycan Dillər Universitetində (ADU) “Səfir saatı” layihəsi çərçivəsində universitetin Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Fəlsəfə və ictimai elmlər kafedrasının “Argentinanın iqtisadiyyatı”, Regionşünaslıq kafedrasının “Argentinanın coğrafiyası” və “Argentinanın etnoqrafiyası” kitablarının təqdimatı keçirilib.

Tədbirdə Argentinanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Serxio Osvaldo Perez Qunella, ADU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru professor Jalə Qəribova, fakültə dekanları, kafedra müdirləri, professor-müəllim heyəti və Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələri iştirak edib.

Professor Jalə Qəribova səfiri ADU-da görməkdən məmnunluğunu bildirib. O, universitetin uzun illərdən bəri Argentina səfirliyi ilə sıx əməkdaşlıq etdiyini deyib. Argentinaşünaslıq ixtisasında təhsilin uğurla davam etdirildiyini qeyd edən J.Qəribova əməkdaşlıq çərçivəsində səfirliyin dəstəyi ilə Argentina universitetləri ilə əlaqələrin qurulduğunu xatırladıb.

Argentinanın səfiri Serxio Osvaldo Perez Qunella Argentina səfirliyi ilə universitet arasındakı əlaqələrin gələcəkdə daha da möhkəmlənəcəyinə inamını ifadə edib. Universitetdə fəaliyyət göstərən kafedraların təşkilatçılığı ilə Argentina haqqında kitabların çap olunmasını yüksək qiymətləndirib. Azərbaycan və Argentina dövlətləri arasında bənzərliklərin olduğunu deyən səfir iki ölkə arasındakı əlaqələrdən danışıb.

Tədbirdə Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva Argentina ilə bağlı Azərbaycan dilində kitabların hazırlanması haqqında layihədən danışıb. Kafedranın dosenti Aqil Şahmuradov “Argentinanın etnoqrafiyası”, müəllimi Sevinc Qurbanova “Argentinanın coğrafiyası”, İspan dili mərkəzinin müdiri Nərgiz Mədətova isə Fəlsəfə və ictimai elmlər kafedrasının baş müəllimi Kəmalə Yusifovanın tərtib etdiyi “Argentinanın iqtisadiyyatı” kitabları haqqında ətraflı məlumat veriblər.

Təqdim olunan kitablardan ali təhsil müəssisələrinin regionşünaslıq və beynəlxalq münasibətlər sahəsində ixtisaslaşan bakalavr və magistrantları, eləcə də bu ölkə haqqında məlumat almaq istəyən geniş oxucu kütləsi bəhrələnə bilər.

Daha sonra Argentina səfiri Serxio Osvaldo Perez Qunella “Səfir saatı” layihəsi çərçivəsində tələbələrlə görüşüb.

Görüşdə səfir Argentinanın coğrafiyası, tarixi, rəsmi dili, ərazisi, əhalisi, iqlimi haqqında məlumat verib. Ölkədə yaşayan müxtəlif xalqlar, Argentinanın dünya miqyasında mövqeyi haqqında danışan səfir ölkə ilə bağlı əsas faktları diqqətə çatdırıb.

Daha sonra səfir tələbələri maraqlandıran sualları cavablandırıb.