TƏLƏBƏ HƏYATI

Örl Litzenberqer ADU-nun “Səfir saatı” layihəsinin qonağı olub

Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki səfiri Örl Litzenberqerlə görüşüb.

Kamal Abdulla “Səfir saatı”nda tələbələrlə görüşmək təklifini qəbul edib gəldiyi üçün səfirə təşəkkürünü bildirib. Rektor Azərbaycanda Amerika səfirinə daim böyük ehtiram və hörmət olduğunu söyləyib. Azərbaycanın çoxmillətli ölkə olduğunu deyən universitet rəhbəri multikulturalizm siyasətinin ölkəmizdə uğurla həyata keçirildiyini xüsusi vurğulayıb. Kamal Abdulla Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə 5 ildir  fəaliyyət göstərən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi haqqında danışıb.

Örl Litzenberqer səmimi qəbula görə təşəkkürünü bildirib. O, ikinci dəfə qonaq olduğu ADU-da xoş münasibətlə qarşılandığına görə şad olduğunu deyib. Səfir Azərbaycanın mədəniyyəti, azərbaycanlıların qonaqpərvərliyi, dostluq münasibətləri və ləziz mətbəxinin yüksək təəssürat yaratdığını qeyd edib. Azərbaycan Xaçmaz və Quba rayonlarına səfər edən diplomat  digər regionlarda da olmağı arzuladığını dilə gətirib.

Hökumət nümayəndələri ilə keçirilən görüşlərdən danışan səfir onlarda ikitərəfli əlaqələrin inkişaf etdirilməsində böyük istək müşahidə etdiyini diqqətə çatdırıb. Ö.Litzenberqer Bakı Amerika Mərkəzi ilə növbəti anlaşma memorandumunun müddətinin uzadılması ilə bağlı hazırlıq işlərinin getdiyini qeyd edib.

ADU-nun Tədris işləri üzrə prorektoru, professor Əfqan Abdullayev universitetdə tədris prosesi, tələbə və məzunlar, dillərin tədrisi ilə bağlı məsələləri səfirin diqqətinə çatdırıb.

ABŞ səfiri Örl Litzenberqerl universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsi çərçivəsində universitet tələbələri və digər maraqlanan şəxslərlə görüşüb. Səfir görüşdə şəxsi təcrübələri, təhsil aldığı dövrlər, diplomatik fəaliyyəti, eyni zamanda ABŞ-Azərbaycan əlaqələri haqqında danışıb.