ADU-nun rektoru Kamal Abdulla ABŞ səfiri ilə görüşüb
Robert Sekuta “Səfir saatı”nda mühazirə oxuyub
Noyabrın 30-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, Əməkdar elm xadimi Kamal Abdulla “Səfir saatı” layihəsi çərçivəsində mühazirə ilə çıxış etmək məqsədi ilə universitetdə qonaq olan ABŞ-ın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüşüb.
K.Abdulla R.Sekutaya ADU-nun dəvətini qəbul edərək “Səfir saatı”nda mühazirə oxumağa razılıq verdiyi üçün təşəkkür edib: “Ümid edirəm ki, bu görüş həm tələbələr üçün çox faydalı, həm də sizin üçün çox maraqlı olacaq”.
ADU-dakı Amerika Mərkəzinin fəaliyyətindən danışan K.Abdulla universitetdə ingilis dilinin tədrisi ilə bağlı məsələlərə də toxunub. Onun sözlərinə görə, təkcə ingilis dili ixtisası üzrə təhsil alan tələbələrin deyil, digər ixtisaslarda oxuyanların da ingilis dili biliklərini möhkəmləndirmək üçün addımlar atılır: “Bizim üçün ingilis dili bu universitetin ümumi bazasıdır. Biz tələbələrə təkcə ingilis dilini yox, həm də Amerikanın və İngiltərənin tarixini, mədəniyyətini, ədəbiyyatını, bugünkü ictimai-siyasi durumunu öyrətməklə amerikaşünaslar və britaniyaşünaslar hazırlaya bilərik”.
K.Abdulla əməkdaşlıq perspektivlərindən də söz açıb. “Biz daha geniş intellektual müstəvi barədə düşünürük”-deyən rektor buraya tələbə və müəllimlərin mübadiləsinin, görkəmli şəxsiyyətlərin mühazirə demək üçün universitetə dəvət olunmasının daxil ola biləcəyini söyləyib. Rektor ümidvar olduğunu bildirib ki, səfir bu məsələlərdə ADU-ya dəstək olacaq.
Öz növbəsində səfir R.Sekuta da Amerika Mərkəzinin fəaliyyətinə toxunub. O, ingilis dilinin tədrisini diqqətdə saxlanılan mühüm məsələ kimi xarakterizə edib. Diplomatın sözlərinə görə, səfirlik müəllimlərə ingilis dilini daha səmərəli tədris etmək üçün yeni resurslar vermək istəyir: “Bizim Azərbaycan tərəfinin də təkliflərinə ehtiyacımız var. Əsas məqsəd odur ki, azərbaycanlılara ingilis dilini öyrənməkdə kömək edək”.
Görüşdən sonra səfir ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsində təhsil alan tələbələr və müəllim heyətinə ABŞ-la Azərbaycan arasındakı qarşılıqlı əlaqələr haqqında mühazirə deyib.
Səfir R.Sekuta mühazirəsində Azərbaycanın ilk dəfə müstəqilliyini 1918-ci ildə əldə etdiyini və Xalq Cümhuriyyəti adlanan bu dövlətin qadınlara səsvermə hüququ verən ilk respublika olduğunu diqqətə çatdırıb. Səfir müstəqilliyinin ilk günlərindən ABŞ-ın hər zaman Azərbaycanın yanında olduğunu və daim ölkəmizi dəstəkləyəcəyini vurğulayıb. Səfir R.Sekuta ölkələrimizin diplomatik əlaqələrinin qurulmasının tarixindən danışıb. O, bildirib ki, Azərbaycanla ABŞ arasında münasibətlər daha da yaxşılaşır və tərəflər müstəqil, çiçəklənən və demokratik Azərbaycanın daha böyük nailiyyətləri üçün müxtəlif istiqamətlərdə birgə çalışır.
Səfir vurğulayıb ki, Azərbaycan və ABŞ-ın əməkdaşlıq edə biləcəyi bir çox məqamlar var. Azərbaycanın terrorçuluq və ekstremizmlə mübarizədə vacib rol oynadığını vurğulayan R.Sekutanın sözlərinə görə, enerji təhlükəsizliyi və terrorçuluqla mübarizə üzrə əməkdaşlıq region üçün böyük strateji əhəmiyyət daşıyır. Nəqliyyat sahəsində əməkdaşlıq üçün perspektivlərin mövcud olduğunu deyən səfir təhsil sahəsindəki əməkdaşlığa da toxunub. O, keçən müddət ərzində çoxlu sayda azərbaycanlının müxtəlif proqramlar çərçivəsində ABŞ-da təhsil aldığını və amerikalı gənclərin də burada təhsil almasını təmin etməkdə maraqlı olduqlarını söyləyib.
İştirakçılarla interaktiv formatda davam edən görüşdə səfir gələcək əməkdaşlıq planları, iki ölkədəki multikulturalizm ənənələri və digər məsələlərdən söz açıb.
Sonda səfir R.Sekuta ADU-nun xatirə dəftərinə ürək sözlərini yazıb.