TƏLƏBƏ HƏYATI

ADU-nun rektoru Kamal Abdulla Fələstin səfiri ilə görüşüb

Diplomat universitet tələbələrinə mühazirə oxuyub

Noyabrın 3-də Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, AMEA-nın həqiqi üzvü, əməkdar elm xadimi Kamal Abdulla “Səfir saatı” layihəsi çərçivəsində mühazirə demək üçün universitetə gələn Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim ilə görüşüb.

Səfirə tələbələrlə görüşə razılıq verdiyi üçün təşəkkür edən K.Abdulla ümid etdiyini bildirib ki, onlar bu mühazirədən faydalanacaqlar.

Azərbaycanda multikulturalizm barədə ətraflı söz açan rektor multikulturalizmin dövlət siyasəti olduğunu vurğulayıb. Bildirib ki, bu gün dünyanın 17 universitetində “Azərbaycan multikulturalizmi” fənni tədris olunur.

Öz növbəsində səfir səmimi qəbula görə təşəkkür edib. Qeyd edib ki, Azərbaycanla Fələstin arasındakı əlaqələr tarixi əlaqələrdir və bizi tarix və mədəniyyət birləşdirir. N.Ə.Kərim iki ölkə arasında diplomatik əlaqələrin 25 il əvvəl qurulduğunu xatırladaraq Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı ilk fövqəladə və səlahiyyətli səfiri olmasından qürur duyduğunu vurğulayıb. ADU-da bir neçə dəfə olduğunu deyən diplomat universiteti sayılıb seçilən ali təhsil müəssisəsi kimi xarakterizə edib. O, əlavə edib ki, belə bir mühüm əhəmiyyətə malik universitetdə diplomatlarla görüşlərin keçirilməsi çox vacibdir.

Görüşün sonunda səfirə “Azərbaycan multikulturalizminin ədəbi-bədii qaynaqları” kitabı hədiyyə olunub.

Sonra səfir ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin Ərəbşünaslıq ixtisası üzrə təhsil alan tələbələri üçün “Səfir saatı” layihəsi çərçivəsində “Fələstinə baxış” adlı təqdimatla çıxış edib. Öncə təqdimatın keçirilməsinə şərait yaratdığı üçün universitet rəhbərliyinə öz təşəkkürünü bildirən səfir Fələstin xalqının tarixi proseslər zəminində inkişafı və sosial-iqtisadi vəziyyəti ilə bağlı tələbələrə ətraflı məlumat verib: “Fələstin öz mədəniyyəti, qədim adət-ənənələri ilə dünya müstəvisində tanınan ölkə olub. Tarixi zaman keçidində Fələstin xalqı milli geyimləri, xalçaçılıq sənəti və digər mədəni-irsi köklərə bağlı olan sərvətini qoruyub saxlamağa müvəffəq olub. Kino sənətində dünya miqyasında tanınmış filmlərin çəkilməsi də Fələstin mədəniyyətinin uğurlarından sayılır”.

Tələbələrə Fələstin dövlətinin məşhur tarixi memarlıq abidələri ilə yanaşı, incəsənət və ədəbiyyat sahəsində tanınmış nümayəndələrinin olduğunu söyləyən N.Ə.Kərim ölkəsi haqqında təqdimatla çıxış etməkdən məmnun olduğunu bildirib.

Görüş xatirə şəklinin çəkilməsi ilə sona çatıb.