TƏLƏBƏ HƏYATI

ADU-nun müəllimləri Cocuq Mərcanlıda şagirdlərlə görüşüblər

Azərbaycan Dillər Universitetinin professor-müəllim heyəti – professor Arif Hüseynov, professor Əsgər Zeynalov, dosent Amil Cəfərov, professor Gülnarə Sadıxova, dosent Nigar Zeynalova Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kənd tam orta məktəbinə ezam olunublar.

Səfər universitetin rektoru akademik Kamal Abdullanın müvafiq əmri əsasında baş tutub.

Universitet əməkdaşları məktəbin kitabxanasına dərslik və dərs vəsaitləri, şagirdlərə zəruri dəftərxana ləvazimatları hədiyyə ediblər.

Bununla yanaşı, təcrübəçi tələbələrin dərsləri professor-müəllim heyəti tərəfindən dinlənilib, onlara xarici dilin tədrisi ilə bağlı lazımi məsləhətlər verilib. Ezamiyyət çərçivəsində məktəbin müəllim kollektivi ilə görüş keçirilib. Görüş zamanı bir sıra təkliflər müzakirə olunub. Onlardan məktəbdə fransız dilinin tədrisinin təşkili, müəllimlər üçün innovativ təlim metodları, şagirdlər üçün “Sağlam həyat tərzi və həyati bacarıqlar” mövzusunda universitetin təlimçi-tələbələri tərəfindən təlimlərin keçirilməsi planlaşdırılıb.