TƏLƏBƏ HƏYATI

Azərbaycan Dillər Universitetinin tələbələri Cocuq Mərcanlıda pedaqoji təcrübə keçirlər

Azərbaycan Dillər Universitetinin (ADU) bir qrup tələbəsi Təlimdə innovasiyalar kafedrasının baş müəllimi Anar Rəhimovun rəhbərliyi ilə Cəbrayıl rayon Cocuq Mərcanlı kənd məktəbində pedaqoji təcrübədədirlər.
Fevralın 19-da pedaqoji təcrübə rəhbəri və təcrübəçi müəllimlər məktəb kollektivinə və şagirdlərə təqdim edilib.

Məktəbin direktoru Zamin Həziyev pedaqoji təcrübənin işğaldan azad olmuş Cocuq Mərcanlı kəndində təşkil edilməsini uğurlu seçim və tarixi hadisə adlandırıb. Buna görə Azərbaycan Dillər Universitetinin rəhbərliyinə təşəkkür edən direktor ümidvar olduğunu bildirib ki, xüsusi həssas bölgədə pedaqoji təcrübə keçən tələbələrin yaddaşında bu günlər hər zaman xoş xatirə kimi qalacaq.

ADU kollektivinin Cocuq Mərcanlı kənd məktəbinə gəlişi böyük sevinclə qarşılanıb. İlk dərslərdən sonra şagirdlər təcrübəçilərə isti münasibət və böyük maraq göstəriblər.

Təcrübə rəhbəri Anar Rəhimov öz növbəsində məktəb kollektivinə ADU rəhbərliyinin salamlarını çatdırıb, layihənin ideyasının ADU-nun rektoru akademik Kamal Abdullaya aid olduğunu deyib və əlavə edib ki, düşməndən yenicə azad olunmuş bölgədə belə bir missiyanı həyata keçirmək şərəfli işdir.

Tanışlıqdan sonra isə pedaqoji təcrübə rəhbərinin təşkilatçılığı ilə məktəbin ingilis dili müəllimi və direktoru Zamin Həziyevlə birlikdə dərs təşkil edilib.

Məktəbin 9-cu sinif şagirdləri üçün keçirilən dərsin mövzusu “Pollution and it effects” olub. Nümunəvi dərsdə məktəb kollektivi ilə yanaşı ADU-nun pedoqoji təcrübə keçən tələbələri iştirak ediblər. Dərsdə müxtəlif texnoloji və yardımçı vasitələrdən istifadə edilib və bütün bunlar şagirdlərin böyük marağına səbəb olub.