Hüseynağa Sadıqov: “Məzunlar Assosiasiyası bir çox faydalı layihələr həyata keçirəcək” – MÜSAHİBƏ
ADU-nun Məzunlar Assosiasiyasının sədri Hüseynağa Sadıqovla müsahibəni təqdim edirik
– Məzunlar Assosiasiyasının yaradılmasını necə qiymətləndirirsiniz?
– Məzunlar Assosiasiyasının yaradılması zamanında qəbul olunmuş qərardı. Bu birliyin yaradılmasının təşəbbüskarları sözün əsl mənasında uzaqgörən adamlardı. Mən də öz adımdan, məzunların adından bu işin təşəbbüskarlarına təşəkkürümü bildirirəm. Çünki bu birlik bir çox xeyirxah işlər görə bilər və ümid edirik ki, görəcək də. Qeyd etməliyəm ki, bu birliyin tərkibinə kifayət qədər istedadlı məzunlar seçildi. Bu məzunlar mədəni, elmi səviyyəsi olan, bacarıqlı şəxslərdi. O ki qaldı assosiasiyanın görəcəyi işlərə, bunlar müxtəlifdir. Öncə məzunların təklif və ideyaları qiymətləndiriləcək. Həmçinin birlik üzvləri daim ictimaiyyətlə sıx ünsiyyətdə olmalıdır. Belə olarsa, ictimaiyyətdən də müəyyən təkliflər, fikirlər, sorğular gələ bilər.
Hal-hazırda birliyin iş planı hazırlanır, birinci toplantıda iş planına işgüzar təkliflər olundu. Bu təkliflər ümumiləşdiriləcək və bir illik iş planı şəklində tərtib olunacaq. Məzunların siyahısı tutulacaq, onların hazırki fəaliyyəti müəyyən olunacaq. Bu elementləri nəzərdən keçirməyi düşünürük. Təqaüddə olan məzunlara dəstək veriləcək, mümkün köməkliklər ediləcək. Sosial məsələlərdə məzunlara yardım edəcəyik. Daha sonra məzunların özlərinə dərs deyən müəllimlərlə əlaqə saxlayıb, onlarla maraqlanıb, ehtiyac olarsa, lazımi dəstəyimizi, köməkliyimizi edəcəyik. Bu məsələləri birliyin ilk toplantısında geniş şəkildə müzakirə edərək, sosial yöndə işlərin aparılmasının vacibliyini bildirdik.
Məzunların arasından mühazirəçilərin seçilməsi də qarşıda duran məsələlərdən biridir. Çünki məzunlar arasında dövlət xadimləri, ictimai fəallar var. Onlardan mühazirəçilər qrupu təşkil etmək lazımdır. “Səfir saatı”nı müzakirə şəklində təşkil etməyi düşünürük. Tələbələrimizə səfirlər öz həyat və iş təcrübələrini paylaşacaq. Bu da tələbələrdə böyük marağa səbəb olacaq.
–Assosiasiyanın hazırki işi hansı vəziyyətdədi?
– Qeyd etdiyim kimi hazırda assosiasiyanın iş planı hazırlanır. Üzvlərin, məzunların təklifləri, ideyaları toplanır. İndi tədris ilinin sonudu, tətil başlayır, belə qərara gəldik ki, sentyabrda yenidən toplanaq və iş planını yeni tədris ilində həyata keçirməyə başlayaq. Hal-hazırda birlik olaraq formalaşma prosesindəyik. Belə demək mümkünsə, assosiasiyanın iş planı, məzunların asossiasiya ilə bağlı yeni fikirləri, ideyaları formalaşır.
-Gələcək planlar nələrdən ibarətdi?
– Bir çox layihələri həyata keçirməyi düşünürük. Bu layihələri həm məzunlarla, həm də tələbələrlə birlikdə həyata keçirməyi düşünürük. Xarici ölkələrdə yaşayan məzunlarımız var. Bruklində yaşayan məzunumuz, Bruklin Azərbaycan Dostluq Assosiasiyasının prezidenti Marietta Yusim-Rozentalı biz yaxşı tanıyırıq. Onunla əlaqələrimizi assosiasiya çərçivəsində genişləndirib, təklif və ideyalarını müzakirə edəcəyik. Bu da assosiasiyanın iş prosesinin daha şaxəli və əhatəli olmasına yeni imkanlar yaradacaq.
Ümumiyyətlə bizim bir çox ölkələrdə yaşayan məzunlarımız var. Almaniyada, İtaliyada, Fransada və s. ölkələrdə. Təbii ki, bu məzunların təcrübəsindən, intellektual potensialından assosiasiyanın gələcək fəaliyyətində faydalanmağı düşünürük.