ELMİ-TƏDQİQAT

Ölkəmizdə ilk dəfə Azərbaycan Dillər Universitetində sanskrit dilinin tədrisinə başlanılıb

Bakı, 4 mart, AZƏRTAC

Martın 4-də Azərbaycan Dillər Universitetində (ADU) sanskrit dilinin tədrisinə başlanılması ilə bağlı mətbuat konfransı keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən ADU-nun rektoru akademik Kamal Abdulla sanskrit dilinin tədrisinin Azərbaycan filoloji və humanitar elmi üçün vacib olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycanda filologiya elmi müxtəlif ali təhsil, elm müəssisələrində uğurla öyrənilir. Lakin klassik dillərin öyrənilməsində bir boşluq həmişə özünü göstərir. Latın dilinin yüngülvari öyrənilməsi bu boşluğun üzərindən nisbətən keçir, ancaq bu boşluğu tam olaraq doldurmur. Klassik, qədim dillərin (latın, sanskrit, qədim yunan) öyrənilməsinin çox böyük elmi əhəmiyyəti var. Bu dillərin öyrənilməsi digər dillərin öyrənilməsində açar rolunu oynayır. Klassik dilləri öyrənmədən müasir dillərin öyrənilməsini müvəffəqiyyətli hesab etmək olmaz. Klassik dilləri öyrənmək həm də qədim mədəniyyətləri öyrənməyə də imkan verir.

Akademik Kamal Abdulla sanskrit dili haqqında ətraflı məlumat verib və bu dili araşdıran alimlərdən danışıb. Bildirib ki, sanskrit dili müasir dövrdə öz praktikliyini itirib. Bu dilə muzey dili də demək olar. Sanskrit dili özündə hind dili və qədim dillərin elementlərini birləşdirir.

Rektor diqqətə çatdırıb ki, Azərbaycanda sanskrit dili ilk dəfə ADU-da tədris olunmağa başlayıb. Universitetdə III kursda oxuyan 3 qrupda sanskrit dili öyrədilir. Sanskrit dili Azərbaycan Dillər Universitetində ixtisas kimi öyrənilmir, sadəcə dil olaraq tədris edilir. Dərslər sanskrit dili üzrə mütəxəssis, macarıstanlı professor Anna Piko tərəfindən keçilir, çox maraqlı təşkil olunur. Dərslərdə ADU-nun tələbələri ilə yanaşı, müəllimləri də iştirak edirlər. Universitetdə sanskrit dilinə həsr olunan seminarlar, məşğələlər, konfranslar da təşkil olunacaq. Tədbirlərdə bu dillə maraqlananlar, filologiya üzrə mütəxəssislər də iştirak edə bilərlər.

Sanskrit dilinin öyrənilməsinin zəruriliyindən danışan rektor bir sıra məsələlərə aydınlıq gətirib: “Sanskrit dilinin öyrənilməsi təkcə bizim universitet üçün önəmli deyil, bu dilin tədrisi digər universitetlər üçün də əhəmiyyət daşıyır. Həmçinin dünya mədəniyyəti ilə tanışlıq, müasir elmi araşdırma metodlarının öyrənilməsi yönündə sanskrit dilinin tədqiqi ön plana keçir. Sanskrit dilini öyrənən tədqiqatçı həm öz ixtisasını daha dərindən mənimsəyəcək, həm də araşdırdığı elmi problemi daha tez başa düşmək üçün əlavə üstünlük qazanmış olacaq. 10 il öncə Azərbaycan Milli Elmlər Akademiyasında qədim dillərlə bağlı çox vacib işlərə ilk addımlar atıldı və bu gün artıq əminliklə söyləmək olar ki, Azərbaycan Dillər Universiteti atılan addımların bariz nümunəsi kimi uğurla bu işi öz üzərinə götürüb. Bu istiqamətdə bizə həm tələbələr, həm müəllimlər, həm də bu dillə maraqlanan digər universitetlərin əməkdaşları yaxından kömək etmək imkanına sahibdirlər”.

Akademik vurğulayıb ki, sanskrit dilinin öyrənilməsi üçün Azərbaycanda hazırda baza yoxdur: “Bu dili xarici mütəxəssislərin iştirakı ilə tədris edərək öyrənmək niyyətindəyik. Tədris prosesində sanskrit dili haqqında baza da yavaş-yavaş formalaşacaq. Dilin öyrənilməsi elmi tədqiqatların daha dolğun, əhatəli olmasına imkan verəcək, Avropanın, Asiyanın aparıcı dillərini öyrənməyə kömək edəcək. Bu dilin öyrənilməsi Azərbaycanın qədim mədəniyyətinin öyrənilməsinə də töhfə verəcək”.

Tədbirdə professor Anna Piko sanskrit dili, onun tədris olunduğu, öyrənildiyi ölkələr haqqında məlumat verib. Qeyd edib ki, sanskrit dili dünyanın ən qədim dillərindən biridir: “Bu dilə hazırda böyük maraq vardır. Dünyanın bir sıra ölkələrində - İngiltərədə, Almaniyada, Macarıstanda bu dilin tədrisi ilə bağlı mühüm addımlar atılmaqdadır”.

Sanskrit dilinin tədris olunmasına tələbələrin xüsusi marağından danışan Anna Piko Azərbaycan Dillər Universitetinin rəhbərliyinə, kollektivə yaradılan şəraitə görə təşəkkürünü bildirib. Sanskrit dilinin gələcək fəaliyyət istiqamətlərindən danışan pedaqoq Azərbaycan filoloji elminin inkişafında məhz sanskrit dilinin əhəmiyyətini xüsusi qeyd edib.