İnklüziv Təhsil Mərkəzi

ADU-nun Açıq Təhsil Mərkəzində ustad dərsi keçirilib

  Azərbaycan Dillər Universitetinin  (ADU) Pedaqogika kafedrasının nəzdində fəaliyyət göstərən Rusiya Maarif Nazirliyinin Açıq Təhsil Mərkəzində Çeçenistan Dövlət Pedaqoji Universitetinin (ÇDPU)  “Ekoversitet” Təhsil Mərkəzinin rəhbəri Ələt Hacımuradova tərəfindən  ustad dərsi keçirilib.

Adıçəkilən mərkəzin rəhbəri Ələt Hacımuradovanın “Təhsildə və özünüinkişafda çeviklik” mövzusunun təqdimatında universitetin rus, ingilis və digər xarici dillər üzrə təhsil alan tələbələri iştirak ediblər.

Dərsdə iştirakçılara təhsildə dövrün çağırışlarına cavab olaraq ortaya çıxan innovativ yanaşmalardan, effektiv planlaşdırma texnologiyalardan, Kanban sistemindən istifadə etməklə layihələrin yaradılması prinsipləri haqqında məlumat verilib. Qeyd edilib ki, bütün bunların nəzərə alınması tapşırıqları vizuallaşdırmağa, qrup və fərdi fəaliyyətləri təşkil etməyə imkan yaradır.

ÇDPU-nun “Ekoversitet” proqramlarının tələbələrinin həmin texnologiyalardan istifadəsi və əldə edilmiş müsbət təcrübələri ilə bağlı məlumatlar iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanıb.