Azərbaycan Dillər Universitetinin İnklüziv Təhsil Mərkəzinin müdiri, p.e.d. Nigar Zeynalovanın rəhbərliyi ilə xüsusi təhsil ehtiyacları olan tələbələrin müraciəti əsasında Mərkəzdə görüş keçirilmişdir.
Görüşdə Azərbaycan Dillər Universitetinin İngilis və alman dilləri fakültəsinin dekan müavini Lalə Həsənova, ECL İmtahan Mərkəzinin koordinatoru, Təhsildə xarici dillər kafedrasının dosenti, filologiya elmləri doktoru Aida Sabor və həmin kafedranın baş müəllimi Səyyarə Qəhrəmanova iştirak etmişlər.
Müzakirələrin əsas istiqamətini xüsusi təhsil ehtiyacları olan tələbələrin beynəlxalq imtahanlarda iştirakının əlçatanlığının təmin edilməsi, imtahan prosesi zamanı fərdi ehtiyaclarının nəzərə alınması və zəruri dəstək mexanizmlərinin tətbiqi təşkil etmişdir. Eyni zamanda, imtahan şəraitinin tələbələrin fərdi xüsusiyyətlərinə uyğunlaşdırılması, onların bərabər imkanlar əsasında qiymətləndirmə prosesində iştirakının təmin olunması məsələləri ətrafında fikir mübadiləsi aparılmışdır.
Görüş çərçivəsində xüsusi təhsil ehtiyacları olan tələbələrin beynəlxalq imtahanlarda iştirak imkanlarının genişləndirilməsi və inklüziv yanaşmanın tətbiqi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilmişdir.

