İnklüziv Təhsil Mərkəzi

Azərbaycan Dillər Universitetinin İnklüziv Təhsil Mərkəzi ilə TM Disleksiya Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində akademik heyət, müəllim və tələbələr üçün Erqoterapiya Günü münasibətilə maarifləndirici və praktik təlim keçirilmişdir.

Təlim TM Disleksiya Mərkəzinin duyğu bütövləmə üzrə mütəxəssisi Toğrul Eyyublu tərəfindən aparılmışdır. Təlim çərçivəsində iştirakçılara duyğu bütövləmə prosesinin əsas xüsusiyyətləri, erqoterapiyanın tətbiq istiqamətləri və fərdlərin gündəlik həyat fəaliyyətinin dəstəklənməsindəki əhəmiyyəti barədə ətraflı məlumat verilmişdir. Eyni zamanda, praktiki tapşırıqlar vasitəsilə iştirakçıların nəzəri biliklərini tətbiq etmələrinə və mövzunu daha dərindən mənimsəmələrinə imkan yaradılmışdır.

Təlimin əvvəlində İnklüziv Təhsil Mərkəzinin müdiri, pedaqogika üzrə elmlər doktoru Nigar Zeynalova çıxış edərək erqoterapiyanın inklüziv təhsildə rolundan bəhs etmişdir. İnteraktiv və praktik formatda keçirilən təlimdə tələbələr fəal iştirak etmiş, müzakirələr apararaq nəzəri biliklərini təcrübədə möhkəmləndirmişlər.

Tədbirdə Təhsildə xarici dillər kafedrasının dosenti, filologiya elmləri doktoru Aida Sabor və Təhsil fakültəsinin dekan müavini Sevinc Mahmudova da iştirak etmişlər.

Azərbaycan Dillər Universitetinin İnklüziv Təhsil Mərkəzi və TM Disleksiya Mərkəzi arasında imzalanmış əməkdaşlıq memorandumu çərçivəsində birgə fəaliyyətin genişləndirilməsi, elmi-praktik tədbirlərin və maarifləndirici təlimlərin davamlı şəkildə həyata keçirilməsi nəzərdə tutulur.