“Hər kəs özəldir – hər kəs istedadlıdır” adlı tədbir keçirilib
16 dekabr 2025-ci il tarixində Azərbaycan Dillər Universitetinin (ADU) İnklüziv Təhsil Mərkəzinin müdiri, p.e.d. N.E. Zeynalova və Psixologiya və Pedaqogika kafedrasının baş müəllimi Naibə Xiyalovanın təşkilatçılığı ilə “Hər kəs özəldir – hər kəs istedadlıdır” adlı tədbir keçirilib.
Tədbirin əsas məqsədi təhsil mühitində inklüzivliyin təmin olunması, bərabər imkanların yaradılması, qarşılıqlı hörmət və müxtəlifliyin qəbul edilməsi dəyərlərinin formalaşdırılması olub. Tədbir çərçivəsində inklüziv təhsilin mahiyyəti və əsas prinsipləri, xüsusi təhsil ehtiyacları olan şəxslərin təhsil prosesinə cəlb edilməsi, eləcə də hər bir fərdin potensialının üzə çıxarılmasının vacibliyi ön plana çəkilib.
Tədbirdə aşağıdakı məsələlər müzakirə olunub:
Təhsil mühitində bərabərlik və ədalətli yanaşmanın təmin olunması;
İnklüziv təhsildə tolerantlıq və empatiyanın rolu;
Fərdi xüsusiyyətlərin və müxtəlifliyin qəbul edilməsi;
Müəllimin inklüziv təhsil prosesində rolu.
Tədbir zamanı Azərbaycan Dillər Universitetinin İnklüziv Təhsil Mərkəzinin müdiri, p.e.d. N.E. Zeynalova çıxış edərək inklüziv təhsilin cəmiyyətin davamlı inkişafında mühüm rol oynadığını qeyd edib, bütün təhsilalanlarda empatiya və tolerantlıq dəyərlərinin formalaşmasına xidmət etdiyini, hər bir fərdin özünəməxsus potensiala malik olduğunu və bu potensialın üzə çıxarılmasında müəllimlərin və dəstəkləyici təlim mühitinin vacibliyini vurğulayıb. Sonda N.E. Zeynalova maarifləndirici tədbirlərin inklüziv təhsilin təşviqi baxımından əhəmiyyətini xüsusi qeyd edib.
Tədbirdə Psixologiya və Pedaqogika kafedrasının müdiri, p.f.d., dos. İ.M. Məmmədli iştirak edərək inklüziv təhsilin müasir təhsil sistemində rolu və bərabər imkanların yaradılmasının vacibliyi barədə fikirlərini bölüşüb.
Tədbir çərçivəsində aparıcıların çıxışları, tematik təqdimatlar, “İstedad ovucda” adlı interaktiv oyun, səhnəciklər, intellektual yarış və musiqi çıxışları təqdim olub.
ADU-nun İngilis–Alman Dilləri fakültəsinin IV kurs 411A və 411B qruplarının tələbələri – Xəlilova Bikə, Yusifzadə Nəzrin, Qardaşxanova Şəkər, Məmmədova Aygün, Musayeva Aytən, Sadıqlı Ləman, Rəcəbli Nərmin, Dosməmmədova Sevinc, Hüseynova Səma, Cəfərova Xədicə, İsmayılova Leyla, Tağıyeva Münəvvər və Səlimova Mafiyyət tədbirdə fəal iştirak ediblər.
Keçirilmiş tədbir inklüziv təhsil sahəsində maarifləndirmənin artırılmasına töhfə vermiş, təhsil prosesinin bütün iştirakçılarının potensialının üzə çıxarılmasının vacibliyini bir daha vurğulayıb.











