Beynəlxalq Əlillər Gününə həsr olunmuş maarifləndirici tədbir keçirilib
3 Dekabr – Beynəlxalq Əlillər Günü münasibətilə Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən İnklüziv Təhsil Mərkəzi tərəfindən tələbələr üçün maarifləndirici tədbir keçirilib. Tədbirin əsas məqsədi cəmiyyətdə əlilliyi olan şəxslərə bərabər yanaşmanın təşviqi, inklüzivlik anlayışı barədə ictimai məlumatlılığın artırılması və tələbələrdə sosial həssaslıq hissinin gücləndirilməsi olub.
Tədbiri giriş nitqi ilə açan İnklüziv Təhsil Mərkəzinin müdiri, dosent Nigar Zeynalova Beynəlxalq Əlillər Gününün əhəmiyyətindən danışaraq, əlilliyi olan şəxslərin hüquqlarının qorunması və onların cəmiyyətə inteqrasiyası istiqamətində həyata keçirilən tədbirlər barədə məlumat verib.
Tədbir çərçivəsində Mərkəzin mütəxəssisi, müəllim Nərmin Mərdanova çıxış edərək əlilliyin növləri, inklüziv təhsil siyasətinin əsasları, xüsusi təhsil ehtiyacı olan uşaqlarla işin psixoloji-pedaqoji xüsusiyyətləri haqqında geniş təqdimatla çıxış edib. O, inklüziv təhsil mühitində sosial dəstəyin, erqoterapiyanın, fərdiləşdirilmiş tədris yanaşmalarının və adaptiv metodların vacibliyini xüsusi vurğulayıb.
Çıxışlar zamanı tələbələr inklüziv cəmiyyətin formalaşmasında gənclərin rolu, fərqli ehtiyacları olan şəxslərə yanaşma mədəniyyəti və cəmiyyətdə mövcud stereotiplərin aradan qaldırılmasının əhəmiyyəti barədə məlumatlandırılıblar.
Tədbir interaktiv şəkildə davam edib, iştirakçıların sualları cavablandırılıb və real həyat nümunələri əsasında fikir mübadiləsi aparılıb.
Sonda iştirakçılar bu cür maarifləndirici görüşlərin sosial inklüzivliyin gücləndirilməsi və humanist dəyərlərin təbliği baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər.





