Disleksiya Maarifləndirmə Ayı çərçivəsində təlim keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) İnklüziv Təhsil Mərkəzində Disleksiya Maarifləndirmə Ayı çərçivəsində maarifləndirici təlim təşkil olunub. Təlimin məqsədi disleksiya haqqında məlumatlılığı artırmaq, müəllim və tələbələrdə bu mövzuya düzgün yanaşma formalaşdırmaq, həmçinin inklüziv təhsil prosesində disleksiyalı uşaqlarla işləməyin effektiv yollarını müzakirə etmək olub.
Tədbiri İnklüziv Təhsil Mərkəzinin müdiri, dosent Nigar Zeynalova açaraq inklüziv təhsilin əhəmiyyətindən, disleksiyalı uşaqlara dəstəyin vacibliyindən və cəmiyyətin bu mövzuda maarifləndirilməsinin önəmindən danışıb.
Təlim zamanı disleksiya mütəxəssisi Ülviyyə Qasımova “Disleksiyanın mahiyyəti, əlamətləri və dəstək mexanizmləri” mövzusunda məruzə ilə çıxış edib. O, disleksiyanın diaqnostikası, tədris prosesində fərqli öyrənmə strategiyaları və psixoloji dəstək üsulları barədə ətraflı məlumat verib.
Tədbirdə tələbələr və inklüziv təhsilə maraq göstərən iştirakçılar fəal iştirak ediblər. Sonda keçirilən sual-cavab sessiyasında iştirakçılar öz fikir və təkliflərini bölüşüblər.
Belə maarifləndirici tədbirlər disleksiya haqqında cəmiyyətin məlumatlılığını artırmaqla yanaşı, inklüziv təhsilin inkişafına və hər bir fərdin potensialının dəstəklənməsinə xidmət edir.





