İnklüziv Təhsil Mərkəzi

Beynəlxalq ekspertlər Azərbaycan Dillər Universitetinin İnklüziv Təhsil Mərkəzində olublar

 

Azərbaycan Dillər Universitetinin (ADU) İnklüziv Təhsil Mərkəzində bir sıra beynəlxalq ekspertlər – World Inclusion Congressin prezidenti Dr. Daniel Soble, Redwood Montessorinin “Head of Inclusion”u Ms. Ceanlia Vermeulen və Niderlandda fəaliyyət göstərən beynəlxalq inklüziv təhsil üzrə məsləhətçi Mrs. Helen Claus-Willemsen qonaq olublar.

Görüş zamanı inklüziv təhsilin inkişaf perspektivləri, beynəlxalq əməkdaşlıq imkanları və birgə layihələrin reallaşdırılması istiqamətində müzakirələr aparılıb. Həmçinin, İnklüziv Təhsil Mərkəzinin beynəlxalq akkreditasiyadan keçməsi məsələsi gündəmə gətirilib, bu istiqamətdə atıla biləcək addımlar və tələb olunan meyarlar barədə fikir mübadiləsi aparılıb.

İnklüziv Təhsil Mərkəzinin müdiri, dosent Nigar Zeynalova mərkəzin yarandığı gündən həyata keçirdiyi fəaliyyət, təşkil etdiyi təlimlər, seminarlar, təcrübə proqramları və müxtəlif tədbirlər haqqında qonaqlara geniş məlumat verib.

Beynəlxalq ekspertlər ADU-nun İnklüziv Təhsil Mərkəzinin fəaliyyət istiqamətlərini, inklüziv mühitin formalaşdırılmasında əldə etdiyi nəticələri və inklüziv təhsilə verdiyi töhfələri yüksək qiymətləndirib. Onlar mərkəzin bu sahədə respublikada beynəlxalq əməkdaşlıq üçün əsas tərəfdaş və dayaq nöqtəsi kimi fəaliyyət göstərməsini arzulayıblar.

Görüşün yekununda tərəflər arasında gələcək əməkdaşlığı əhatə edən fəaliyyət planı hazırlanıb və onun icra mexanizmləri müəyyən olunub.