ADU-nun nümayəndələri “Beynəlxalq İnklüziv Təhsil Konfransı”nda iştirak ediblər
Oktyabrın 4-də “İnklüziv təhsildə beynəlxalq və yerli təcrübə, müasir təhsil islahatları” mövzusunda “Beynəlxalq İnklüziv Təhsil Konfransı” keçirilib. Konfransın əsas məqsədi inklüziv təhsilin inkişaf istiqamətlərini müzakirə etmək, həmçinin yerli və beynəlxalq təcrübə mübadiləsini həyata keçirmək olub.
Tədbirdə bir sıra beynəlxalq ekspertlər – Dr. Daniel Soble (World Inclusion Congress prezidenti), Ms. Ceanlia Vermeulen (Redwood Montessori Head of Inclusion), Mrs. Helen Claus-Willemsen (Niderlandda fəaliyyət göstərən beynəlxalq inklüziv təhsil üzrə məsləhətçi) və Dr. Heidi Cavanagh (Side by Side Early Intervention Centre, Namibiya) çıxış ediblər.
Konfrans çərçivəsində inklüziv təhsilin təşkili, məktəb və məktəbəqədər müəssisələrdə fərqli öyrənmə tələbatı olan uşaqların tədris prosesinə inteqrasiyası, müəllim hazırlığı və inklüziv mühitin formalaşdırılması kimi aktual məsələlər müzakirə olunub.
Azərbaycan Dillər Universiteti İnklüziv Təhsil Mərkəzinin müdiri dosent Nigar Zeynalova və mərkəzin mütəxəssisi Nərmin Mərdanova tədbirdə iştirak ediblər. Onların konfransdakı iştirakı beynəlxalq təcrübənin öyrənilməsi və inklüziv təhsil sahəsində əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.



