ADU-da Portsmut Universitetinə qəbul imkanları barədə təqdimat keçirilib
Azərbaycan Dillər Universitetinin (ADU) Heydər Əliyev adına Lektoriyasında magistratura pilləsinin “Xarici dilin tədrisi metodu və metodologiyası (ingilis dili)” və “Xarici dilin tədrisi və ədəbiyyatı metodu və metodologiyası (ingilis dili)” ixtisaslarında təhsil alan tələbələr üçün təqdimat keçirilib.
Tədbir ADU-nun Beynəlxalq şöbəsinin mütəxəssisi Fidan Cəfərova və Magistratura fakültəsinin dekanı Firuzə Rzayeva tərəfindən həyata keçirilib. Təqdimat zamanı ADU ilə Portsmut Universiteti arasında həyata keçirilən 1+1 ikili diplom proqramının məqsəd və əhəmiyyəti, həmçinin qəbul şərtləri, sənədləşmə prosesi və tələbələr üçün yaranan yeni imkanlar haqqında ətraflı məlumat verilib.
Görüş zamanı tələbələrin çoxsaylı sualları cavablandırılıb, onları maraqlandıran məsələlər üzrə aydınlıq gətirilib. Tədbir iştirakçıları beynəlxalq təhsil imkanlarının yaradılmasını yüksək qiymətləndirib və bu istiqamətdə atılan addımların əhəmiyyətini vurğulayıblar.
ADU-nun Beynəlxalq şöbəsi bundan sonra da tələbələrin xarici universitetlərlə birgə təhsil imkanları barədə məlumatlandırılmasını davam etdirəcək.









