Beynəlxalq Təlim və Tədris Layihələr

Norveçdə Yay Məktəbi
 
Norveçin Oslo Universitetinin nəzdində fəaliyyət göstərən Beynəlxalq Yay
məktəbi (BYM) ilk dəfə olaraq ingilis dilli tələbələr üçün 1947-ci ildə təşkil
edilmişdir. Lakin bu yalnız ABŞ-dan olan tələbələrə şamil edilirdi. Amerikalı
tələbələrə üstünlük verilməsi II dünya müharibəsi ərzində və müharibədən sonra
ABŞ-da norveçli tələbələrə yaradılan təhsil imkanları ilə bağlı idi və Norveç
minnətdarlıq əlaməti olaraq belə bir addım atmışdı. 1950-ci illərdə isə qeyri-
amerikalı tələbələrin sayı universitetdə artmağa başladı və onlar da BYM-ə
yaxından maraq göstərdilər. Bununla əlaqədar, 1958-ci ildə “Amerikalı tələbələr
üçün Yay Məktəbi” adı dəyişdirilərək “Beynəlxalq Yay Məktəbi” adı ilə əvəz
olundu. 1947-ci ildən etibarən Oslo BYM-nin kurslarında 150-dən çox ölkədən 30
mindən artıq tələbə iştirak etmişdir. Hər il təxminən dünyanın 90 ölkəsindən 600-ə
yaxın tələbədə Beynəlxalq Yay Məktəbində müxtəlif kurslar götürür. Azərbaycan
Dillər Universitetinin müəllim və tələbə heyəti də 2008-ci ildən etibarən hər il Oslo
Universitetinin BYM-də 6 həftəlik müxtəlif kurslarda iştirak etmək imkanı
qazanmışlar. Təhsil xərcləri əsasən ADU-nun Oslo Universitetinin BYM ilə birgə
əməkdaşlıq etdiyi DİKU (Norveçdə Təhsil üzrə Beynəlxalq Əməkdaşlıq Təşkilatı)
vasitəsilə həyata keçirilmiş və bu ənənə davam etməkdədir. Bundan əlavə, ADU-
nun maliyyə dəstəyi ilə bir çox müəllimlər BYM-də iştirak etməkdədirlər. Qeyd
etmək lazımdır ki, 2008-ci ildən 2019-ci ilə kimi 111-i tələbə və 43-ü müəllim
Norveçin Oslo Universitetinin Beynəlxalq Yay Məktəbində iştirak etmişlər.