Ulu Öndərin 103-cü ildönümünə həsr olunan müsabiqə qalibləri təltif olunub
Mayın 15-də Azərbaycan Dillər Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “Şəhərsalma və memarlıq ili” ilə bağlı tədbirlər planına uyğun olaraq Müəllim və Tələbə Həmkarlar İttifaqı Komitəsinin dəstəyi ilə universitet tələbələri arasında təşkil olunan esse və tələffüz müsabiqələrinin yekununa həsr edilmiş tədbir keçirilib.
ADU-nun İngilis və fransız dilləri fakültəsinin dekanı, dosent Vəfa Babayeva tədbir iştirakçılarını salamlayaraq bildirib ki, müsabiqə xarici dil fənlərinin məzmununa və təlim nəticələrinə uyğun şəkildə Azərbaycanın müasir dövrünün memarı Heydər Əliyev irsinin gələcək nəsillərə aşılanması, eyni zamanda gənclərin Heydər Əliyev haqqında fikir və təfəkkürlərinin genişləndirilməsi, Azərbaycanın şəhərsalma və memarlıq ənənələri barədə biliklərinin artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Qeyd olunub ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ərəfəsində “Şəhərsalma və memarlıq ili” ilə bağlı tədbirlər planına uyğun keçirilən müsabiqələrə tələbələr böyük maraq göstərərək Azərbaycanda şəhərsalma və memarlıq ənənələri, Böyük Qayıdış konsepsiyası ilə bağlı mövzular üzrə ingilis və alman dillərində esselər təqdim ediblər. Həmçinin bildirilib ki, müsabiqədə iştirak edən tələbələrin bir qismi Ümummilli lider Heydər Əliyevin əvvəlki ildönümlərinə həsr olunmuş esse müsabiqələrində də hər il ardıcıl və məqsədyönlü şəkildə iştirak edir.
2026-cı ilin aprel və may aylarında müxtəlif seçim mərhələlərindən ibarət olan müsabiqələr Müəllim Həmkarlar İttifaqı Komitəsinin maliyyə dəstəyi, hər iki fakültənin və onların nəzdində fəaliyyət göstərən kafedraların təşkilatçılığı ilə 500 tələbənin iştirakı ilə həyata keçirilib.
Bildirilib ki, şəffaflığın və obyektivliyin təmin olunması məqsədilə şifahi müsabiqələrə fakültə dekanlığının və Müəllim Həmkarlar İttifaqı Komitəsinin nümayəndələri dəvət olunub, qiymətləndirmə isə münsiflər heyəti tərəfindən aparılıb. Yazılı müsabiqələrdə isə işlər kodlaşdırılaraq xüsusi münsif komissiyası tərəfindən yoxlanılıb.
Sonda qaliblərə diplom və sertifikatlar İngilis və fransız dilləri fakültəsinin dekanı, dosent Vəfa Babayeva, İngilis və alman dilləri fakültəsinin dekanı, filologiya üzrə fəlsəfə doktoru, dosent Naibə Camalzadə, həmin fakültənin dekan müavini, filologiya üzrə fəlsəfə doktoru, baş müəllim Elnarə Putayeva, Alman dilinin leksikologiyası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xuraman Əsgərova, İngilis dilinin fonetikası kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xatirə Qocayeva və İngilis və alman dilləri fakültəsinin Müəllim Həmkarlar İttifaqı Komitəsinin sədri, İngilis dilinin leksikologiyası kafedrasının baş müəllimi Mülayim Bağırova tərəfindən təqdim olunub.

















