ADU haqqında

105 yaşlı həmkarlar təşkilatı: Savadsızlığın ləğvi, təhsilə diqqət fəaliyyətinin əsas istiqaməti

Azərbaycanda yaradılmış ictimai təşkilatların tarixi, Bakıda neft sənayesinin inkişafı ilə bağlıdır. Bu ictimai təşkilatların bir hissəsi inqilabdan qabaq, bir hissəsi inqilabın baş verdiyi illər, bir qismi isə inqilabdan sonra yaranmışdır. Belə ictimai təşkilatlardan biri də Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının (ETİHİ) sələfi olan “Maarif və Sosialist Mədəniyyəti İşçiləri Həmkarlar İttifaqı”dır. Bu günlərdə 105 illiyini qeyd etdiyimiz müəllim həmkarlar təşkilatı 1920-ci ilin iyununda Xalq Maarif Komissarlığı ilə əlaqələndirilərək yaradılmışdır. Sahələr üzrə həmkarlar təşkilatlarının yaradılması onun üzvlərinin sırasında azərbaycanlıların sayının artmasına səbəb olmuşdur.  1920-ci ildə həmkarlar ittifaqının orqanı olan “Vestnik profsoyuznoqo dvijeniə” və “Maarif işçisi” jurnalları həm yeni sahə həmkarlar təşkilatlarının yaranmasını motivləşdirə bildi, həm də ittifaq üzvlərinin sayının çoxalmasına səbəb oldu. 1920-ci ildə orta və ali təhsil müəssisələri müəllimləri, uşaq bağçaları, əməkdaşları, maarif və sosialist mədəniyyət işçilərinin həmkarlar ittifaqına daxil oldu. 1920-ci ildə Bakıda Həmkarlar İttifaqlarının I qurultayı keçirilib. Qurultay texniki-peşə təhsilinə, mədəni-maarif işinə xüsusi diqqət yetirirdi. 

Azərbaycan SSR Maarif İşçiləri Həmkarlar İttifaqının ilk sədri olan Qori Müəllimlər Seminariyasının məzunu Pənah Qasımov maarifçilik hərəkatının qabaqcıllarından idi. O, həmkarlar ittifaqlarının təsir imkanlarından, geniş xalq kütləsinin, şüuruna müdaxilə edə bilmək cəhdindən istifadə edərək savadsızlığın ləğvində çox mühüm işlər görmüş, ilk redaktoru olduğu “Maarif işçisi” jurnalında həmkarlar təşkilatının pedaqoji işçilər arasında təbliğatını apara bilmişdir. 

Pənah Qasımov Qori Müəllimlər Seminariyasını 1905-ci ildə bitirmiş, Tiflis Aleksandr Müəllimlər İnstitutuna daxil olmuş və 1907-ci ildə təhsili başa vuraraq maarifçiliklə məşğul olmuşdur. P.Qasımov 1921-1928-ci illərdə Darülmüəlliminin, 1929-cu ildə Ali Pedaqoji İnstitutunun və Azərbaycan Müəllimləri Təkmilləşdirmə İnstitutunun direktoru işləmişdir. Birinci Türkoloji Qurultayın 5 katibindən biri olan Pənah Qasımov jurnalın redaktoru və Maarif İşçiləri Həmkarlar İttifaqının sədri olduğu illərdə xalqımızı başdan-başa savadlılar ölkəsinə çevriləcəyinə inanır, Həmkarlar Təşkilatları xətti ilə savadsızlığın ləğvində öncül rol oynayırdı. P.Qasımov repressiya qurbanı olmuşdur. Axtarış zamanı evindən partiya bileti və həmkarlar bileti tapılmışdır. 

Ümumiyyətlə, Müəllim Həmkarlar təşkilatı yaranışından savadsızlığın ləğvi, maarifçilik ideyalarının icrası və xalqın işıqlı gələcəyə aparılmasına xidmət etmişdir. Yaranışının ilk illərindən pedaqoji işçilərin maarif işçiləri həmkarlar ittifaqına cəlb edilməsi onlarda sosial şüurun inkişafına səbəb olmuş, idarəediçilik qabiliyyətlərinin aşkar edilməsi üçün ictimai zəmin yaradılmışdır. 

Müəllim Həmkarlar Təşkilatı öz tarixi missiyasına uyğun olaraq iş günü, maddi təminat, əmək hüququ təhsilin səviyyəsinin yüksəlməsi məsələsini gündəlikdə saxlamış, fəhlələrə veriləcək təhsil naminə əməkhaqqı saxlanılmaqla iş günü maariflənmənin hesabına qısaldılmışdır. 1927-ci ilin aprelində Maarifçilik Assosiasiyası, Azərbaycan Həmkarlar İttifaqı Şurası Rəyasət Heyətinə fəhlə fakültəsinin dinləyicilərinin iş gününü qısaltmaq və maddi təminatının zəruriliyi barədə təkliflə müraciət etmişdi. Həmin ilin sentyabrında Azərbaycan Həmkarlar İttifaqı Şurası fəhlə fakültəsi dinləyiciləri üçün güzəştlər haqqında qərar verdikdən sonra  dinləyicilər təhsil müddətində hər gün iki saat işdən azad olundu. İkinci kurs dinləyiciləri isə əməkhaqqı saxlanılmaqla işdən azad edilirdi. Fəhlə fakültəsi tələbələri içərisində azərbaycanlıların sayı artdı. 1922-ci ildən 1927-ci ilədək fəhlə fakültələri respublikanın ali tədris müəssisələri üçün 907, o cümlədən 227 azərbaycanlı müdavim hazırlamışdır. Bu proseslərdə Həmkarlar təşkilatının əməli dəstəyi olmuşdur. 

Maarif və sosialist mədəniyyəti işçiləri Həmkarlar İttifaqı Azərbaycan Xalq Komissarlar Sovetinin və Mərkəzi İcraiyyə Komitəsinin 1924-cü il 18 mart tarixli “Azərbaycan SSR əhalisi içərisində savadsızlığın ləğvi haqqında” qərarına əməl edərək 1924-1925-ci illərdə 11418 həmkarlar üzvünün savadsızlığını ləğv etmişdir. Savad məktəbində oxuyan fəhlələrin 8 saatlıq iş günü, əməkhaqqı saxlanılmaqla bütün təhsil müddətində iş günü 2 saat azaldıldı. Azərbaycan həmkarlar təşkilatı həm tarixi missiyasını yerinə yetirirdi, həm də maarifçilikdə həmkarlar təşkilatının dəstəyi ilə savadsızlığı ləğv edirdi. 

Azərbaycanda həmkarlar təşkilatları yarandığı gündən komitələr təhsilə xüsusi önəm vermişdi. 1920-ci ildə Bakıda həmkarlar ittifaqlarının I qurultayında texniki-peşə təhsilinə xüsusi diqqət ayrılmış və həmkarlar hərəkatının imkanları bu istiqamətə yönəlmişdir. 1924-1925-ci illərdə Bakı şəhərində həmkarlar ittifaqının yerli bölmələrində həmkarlar ittifaqının işçilərinin iştirakı və yaxından köməyi ilə maarifləndirmə kursları fəaliyyət göstərmiş və yerli əhalinin maarifləndirilməsində və savadsızlığın ləğvində həmkarlar ittifaqı üzvləri fəallıq göstərmişlər. Xüsusilə, savadsızlığın ləğvində həmkarlar təşkilatlarının fəallığı çox yüksək olmuşdur. 20-30-cu illərdə savadsızlığın ləğvi ilə bağlı  komitələrin nəzdində açılan kursların elanları bu gün də tarix arxivlərində durur. Və təkcə yerli komitələrin verdikləri elanların təhlili göstərir ki, bir ictimai təşkilat kimi həmkarlar təşkilatları zamanında dövlətin sosial-siyasi sahədə fəaliyyətini və məsuliyyətini bölüşmüşdür. 

1924-1925-ci tədris ilində 1233 savadsızlığın ləğvetmə məntəqələrində 31775 nəfər təhsil alırdı. Bu məntəqələrin əksəriyyəti yerli həmkarlar təşkilatlarının nəzdində yaradılmışdır. Çoxlu sayda savadsızların olmasına və lazımi binaların olmamasına baxmayaraq həmkarlar təşkilatları çox böyük uğurlara imza atdı. Yaradıldığı təşkilatlarda savadsızlığın müxtəlif yaş qrupları arasında ləğv edilməsi kimi səbir və təmkin tələb edən işin öhdəsindən müvəffəqiyyətlə gələ bildi. Savadsızlığın ləğvi, təhsilin səviyyəsi, peşə hazırlığı və cəmiyyətin təhsil-peşə sahəsində tələblərinin ödənilməsində həmkarlar təşkilatının fəallığı əmək bazarında tezliklə özünü göstərdi. İqtisadi tələbatdan doğan ixtisaslı fəhlə peşə qruplarının yaradılmasında fabrik-zavod məktəblərində çalışan həmkarlar ittifaqı fəallarının yetərincə rolu olmuşdur. Bəzi hallarda həmkarlar fəalları təkcə savadsızlığın ləğvinə deyil, həmçinin onların müxtəlif peşə-ixtisaslarına yiyələnmələrinə fabrik-zavod məktəblərində bir vəzifə kimi öhdəsindən gəlirdilər. Həmkarlar təşkilatları yerli komitə adı ilə sosial həyatın bütün səviyyələrinə, öz humanizmi, xeyirxahlığı, qayğıkeşliyi ilə daxil ola bilmişdi. Bu illərdə 11418 həmkarlar üzvünün savadsızlığı ləğv olunmuşdu. 

Azərbaycan Həmkarlar İttifaqı Şurasının Rəyasət Heyətinə Maarifçilik Assosiasiyanın təklifi (iş gününü qısaltmaq və maddi təminatın zəruriliyi) və onun icrası tezliklə özünün müsbət nəticələrini verdi. Birinci fəhlə fakültəsinin 209 tələbəsinə qarşı həmkarlar təşkilatının bu təklifindən sonra tələbələrin sayı 3046-ya çatdı. Beləliklə, Həmkarlar təşkilatları cəmiyyətin inkişafında aparıcı rol oynamışdır. 

1925-ci il Azərbaycan müəllimlərinin IV qurultayında həmkarlar ittifaqının yüksək vəzifəli nümayəndəsi İvanov Azərbaycan müəllimlərinə müraciət edərək fəhlə və kəndlilərin ittifaqının möhkəmləndirilməsinə, mədəniyyətin, maarifin yüksəldilməsinə kömək etmələrini bir vəzifə kimi ortaya qoymuşdur. Həmçinin qurultayın gündəliyinə “Müəllimlər və həmkarlar hərəkatı” adlı məsələ salınmışdır. Orta və ali təhsil müəssisələrinin müəllimləri “Maarif və sosialist mədəniyyəti işçilərinin həmkarlar ittifaqında” təmsil olunurdular. Həmkarlar ittifaqında təmsil olunmuş fəal həmkarlar üzvü olan müəllimlər həm savadsızlığın qısa zaman ərzində ləğvinə, həm də kadr hazırlığına yüksək töhfə verdilər. 

Qeyd etmək istərdik ki, öz sələflərinin davamçısı olan ETİHİ bu gün də kadr hazırlığına, cəmiyyətin demokratikləşməsinə, ictimai münasibətlərin sosiallaşmasına, cəmiyyətin hər bir üzvünə qayğısını və xeyirxahlığını əsirgəmir. Əməkhaqqı, istirahət, müasir standartlara cavab verən iş yerlərinin yaradılması, əməkdaşların, sosial həyatının təşkili, sağlamlığının qayğısına qalmaqla yanaşı, həmkarlar üzvlərinin peşə və ixtisas hazırlığına və əmək bazarının tələbatlarını nəzərə alaraq səylərinə yüksək qiymət verir. Sağlam rəqabətin təmin edilməsi üçün orta məktəb, ali məktəb tələbələri arasında keçirilən idman yarışları, fənn olimpiadaları, istedadlı gənclərin cəmiyyətə təqdimi, müxtəlif adlı tələbə təqaüdləri, “İlin peşəkar gənci” və s. bu kimi tədbirlərin təşəbbüskarı və maliyyə dəstəyi olan ETİHİ RK cəmiyyətin inkişafı üçün bütün imkanlarından istifadə edir, bütövlükdə Azərbaycan cəmiyyətinin təhsilə, peşəyə olan marağını motivləşdirir.

Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Azərbaycan Həmkarlar təşkilatının tarixi uğurlarını hazırda da müvəffəqiyyətlə davam etdirir. Yeni formalaşmış Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsi həm ənənənin gözlənilməsinə, həm də onun müasir pedaqoji və sosial dəyərlərə yiyələnməsi üçün ardıcıl, davamlı layihələr həyata keçirir və respublika pedaqoji ictimaiyyəti arasında rəğbətlə qarşılanmaqdadır.

Misgər MƏMMƏDOV,
Azərbaycan Dillər Universiteti HİK-nin sədri