Misgər Məmmədov doğum gününü qeyd edir
ADU-nun Azad Müəllim Həmkarlar Təşkilatının sədri, Psixologiya kafedrasının baş müəllimi Misgər Məmmədov doğum gününü qeyd edir. Bu münasibətlə ADU-nun rektoru, akademik Kamal Abdulla və universitet rəhbərliyi Misgər Məmmədovu təbrik edib, ona həyatında və elmi-pedoqoji fəaliyyətində uğurlar arzu edib.
Misgər Məmmədov 11 iyun 1952-ci ildə Qazax şəhərində anadan olub. 1959-1969-cu illərdə Qazax şəhərindəki 1№-li orta məktəbdə oxumuş, 1970-ci ildə Bakıya gələrək M.F. Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutunun Alman-Fransız Dilləri fakültəsinə fransız dili ixtisası üzrə qəbul olmuşdur. Təhsil illərində ixtisasına dərindən yiyələnməklə yanaşı pedaqoji-psixoloji biliklərə də maraq göstərmiş, institutun Tələbə Elmi Cəmiyyətində psixolgiyaya aid mövzularda məruzələrlə çıxış etmişdir.
1974-cü ildə institutu bitirdikdən sonra təyinatla Laçın rayonuna getmiş və orada ucqar dağ yaşayış məskənlərindən olan Zorkeşiş kənd orta məktəbində fransız dili müəllimi işləmişdir. Pedaqoji işi dərindən bildiyindən məktəbin tədris və ictimai həyatında fəal iştirak etmiş, müəllim və şagird kollektivinin, o cümlədən rəhbərliyin hörmətini qazanmışdır. Bu müsbət keyfiyyətlərini və təşkilatçılıq qabiliyyətini nəzərə alaraq 1976-cı ildə onu tədris işləri üzrə direktor müavini vəzifəsinə irəli çəkmişlər. Yaxınlıqda yerəşən kiçik kəndlərdə məktəblərin olmaması üzündən qonşu kəndlərin uşaqları da bu məktəbdə təhsil almaq məcburiyyətində idilər. Qışın soyuğunda, qarla örtülən dağ cığırları ilə bir kənddən o biri kəndə getməyin həddən artıq müşkül olduğu bir yerdə tədrisi yüksək səviyyədə qurmaq pedaqoji işçilərdən böyük bacarıq və əzmkarlıq tələb edirdi. Tədris prosesinə cavabdeh adam kimi, Misgər müəllim ona tapşırılan son dərəcə ağır işin öhdəsindən ləyaqətlə gələ bilmiş və məktəbdə nümunəvi tədris atmosferi yarada bilmişdir. Buna görə də 1977-ci ildə təyinat vaxtının bitməsinə baxmayaraq, Rayon Maarif şöbəsinin xahişi ilə bir il da əlavə işləmiş, 1978-ci ilin sentyabrında Bakıya qayıdaraq Azərbaycan Pedaqoji Xarici Dillər İnstitunun Fransız dili kafedrasında saathesabı müəllim işləməyə başlamış, dekabr ayında Axşam fakültəsinin nəzdindəki Xarici dillərin leksikası kafedrasında laborant vəzifəsinə işə götürülmüşdür. Elmi işə böyük həvəsi olduğundan növbəti il APXDİ-nin əyani aspiranturasına qəbul olmuş, pedaqoji psixologiya, yaş psixologiyası, təlimdə anlamanın rolu, mənimsəmə prosesində ana dilinin yeri kimi aktual mövzulara dair tədqiqatlar aparmış, "Azərbaycan dilli ali məktəb tələbələrinin xarici dil mətnlərini anlaması" adlı dissertasiya işi üzərində işləməyə başlamışdır.
Gənc tədqiqatçı mövzu ilə bağlı əldə etdiyi nəticələri ümumiləşdirərək bir çox Respublika və Beynəlxalq səviyyəli elmi konfranslarda çıxış etmiş, məqalələr dərc etdirmişdir: "Декодирование в разносистемной языках" // Материалы Республикан ской научной конференции «Функциональные и конструктивные уровни языковой системы» (18-19 ноября 1980 г.) Баку, 1981; "Azərbaycanlı tələbənin çoxdillilik şəraitində xarici dil mətnlərini anlamasının psixoloji xüsusiyyətləri" // Azərbaycan ali məktəb aspirantlarının III Respublika elmi konfransının materialları (15-17 dekabr 1980) Bakı, 1981; "Xarici dil anlayışının məzmununun başa düşülməsində ana dilinin interferensiya təsiri" // Azərbaycan ali məktəb aspirantlarının V Respublika elmi konfransının materialları: (D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitutu).-Bakı, 1982; "Anlama bilinqvizm şəraitində xarici dil anlayışlarının mənimsənilməsinin əsas psixoloji şərti kimі" // Материалы Закавказского зонального совещания-семинара преподавателей иностранных языков высщих учебных заведений.-Тбилиси, 1982; "Психологическое обоснавание выбора текста иностранного языка в рамках тезарусного подхода" // Тезисы докладов и сообщений участников Зональной научно-методической конференции по проблеме повышения качества и эффективности обучения иностранным языкам студентов неязыковых вузов и условиях билингвизма-Ташкент, 1982; "Dillərin qarşılıqlı təsir şəraitində bəzi psixoloji xüsusiyyətləri" // Psixoloqların IX Zaqafqaziya konfransı.-Bakı, 1983.
Elmi fəaliyyəti psixologiya yönümlü olduğundan 1982-ci il oktyabr ayının 5-də Psixologiya kafedrasına laborant vəzifəsinə keçirilmiş, 1985-ci il yanvar ayının 25-də baş laborant vəzifəsinə irəli çəkilmişdir. Həmin illərdə institutda kollektivin sosial durumunu öyrənmək məqsədi ilə Sosiologiya və Sosial-Psixologiya laboratoriyası fəaliyyət göstərirdi. 1986-cı il may ayının 15-də Misgər müəllim həmin Laboratoriyaya müdir təyin edilmişdir. O, bu vəzifədə işləməklə yanaşı, pedaqoji fəaliyyətini də davam etdirmiş, psixologiyanın müxtəlif istiqamətləri üzrə mühazirələr oxumuş, Respublika səviyyəli konfranslarda çıxışlar etmiş, məqalələri çap edilmişdir: Xarici dilin tədrisinin səmərələşdirilməsinin bəzi psixoloji və sosial psixoloji məsələlərinə dair (A.Yusifzadə ilə birlikdə) // "Respublika xalq təhsili sistemində xarici dillərin fasiləsiz tədrisi" problemi üzrə Respublika elmi seminar müşavirəsinin (may, 1990) tezisləri.-Gəncə, 1990; Məktəbdə mənəvi-psixoloji iqlim və onun yaradılması yolları (M.Quliyevlə birlikdə) // Azərbaycan. məktəbi.-1991.-№4; Milli konsepsiyanın fasiləsiz tədris prosesində rolu və bundan irəli gələn bəzi psixoloji məqalələr haqqında //"Milli konsepsiya çərçivəsində Respublikada xarici dillərin fasiləsiz tədrisi" mövzusunda Respublika seminar müşavirəsinin tezisləri.- Xaçmaz, 1991.-s.7.
İşlədiyi kafedrada əsas aparıcı mütəxəssislərdən olduğu üçün 31 yanvar 1987-ci ildə müəllim, 18 fevral 1991-ci ildə isə baş müəllim vəzifələrinə seçilmişdir.
Məlum olduğu kimi 80-ci illərin sonu, 90-cı illərin əvvəllərində ölkədə ictimai-siyasi vəziyyət xeyli gərginləşmiş, Azərbaycan xalqı dövlət müsəqilliyini əldə etmək üçün ayağa qalxmış, digər tərəfdən erməni millətçiləri torpaqlarımızı işğal etməyə başlamışdılar. Dövlətin başında duran şəxslər ölkəni idarə edə bilmir, hərc-mərclik, anarxiya baş alıb gedirdi. Yaranmış vəziyyət təhsil sisteminə də ciddi təsir edirdi. Xüsusən, ali məktəb tələbələri siyasi proseslərin ən fəal iştirakçılarına çevrilmiş, Azərbaycanın SSRİ tərkibindən çıxaraq müstəqil dövlət kimi fəaliyyət göstərməsi uğrunda gedən mübarizənin önündə gedirdilər. Buna görə də ali məktəb rəhbərləri tələbələrin düzgün istiqamətləndirilməsini tədris prosesinin lazımi səviyyədə təşkil olunmasını təmin etmək məqsədi ilə yollar axtarır, ciddi islahatlar aparırdılar. Belə mürəkkəb bir dövrdə M.Məmmədovun kollektiv arasındakı nüfuzunu nəzərə alaraq 1991-ci il oktyabr ayının 15-də Axşam təhsili fakültəsinin dekanı, 21 anvar 1992-ci ildə İngilis dili fakültəsinin dekan müavini, bir qədər sonra İnstitut Müəllim Həmkarlar Təşkilatının üzvü kimi məsul məzifələri ona həvalə etdilər.
Misgər müəllim pedaqoji və ictimai işlərlə yanaşı, elmi fəaliyyətini də uğurla davam etdirirdi. Müstəqilliyini əldə etmiş gənc ölkə üçün xarici dil bilən kadrların yetişdirilməsinin nə qədər böyük əhəmiyyət kəsb etdiyini yaxşı bildiyindən dil öyrənmə prosesində xarici dil mətnlərinin anlanılmasının tədqiqi kimi aktual mövzu üzərində dissertasiya işini yekunlaşdıraraq ilkin müzakirə üçün İnstitutun Psixologiya kafedrasına təqdim etdi. Kafedranın 15 mart 1995-ci il tarixli iclasında əsər geniş müzakirə edilmiş, mütəxəssislər Azərbaycan auditoriyasında dillərin tədrisi və onların qarşılıqlı təsiri faktının psixoloji cəhətdən öyrənilməsinin müxtəlif səviyyələrdə tədqiq olunduğunu, lakin mətnin anlanılması istiqamətində araşdırılmadığını, buna görə də işin pedaqoji psixologiya üçün böyük əhəmiyyət kəsb etdiyini yekdilliklə vurğulamışlar. Qeyd olunmuşdur ki, tədqiqatçı milli auditoriyada çoxdillilik şəraitində xarici dil mətnlərinin anlanılması kimi aktual mövzunu Respublikada ilk dəfə olaraq araşdırmış, xarici dilin tədrisinin psixoloji problemləri ilə bağlı Tbilisi, Daşkənd, Alma-Atı, Təbriz və b. şəhərlərdə, o cümlədən Respublikamızda keçirilmiş elmi konfranslarda iştirak etmiş və mətni anlamanın mühüm məsələləri ilə bağlı maraqlı məruzələlərlə çıxış etmişdir. Kafedra üzvləri işin praktik əhəmiyyətini, çoxdilliliyin və anlama nəzəriyəsinin yaranması prosesinə göstərə biləcəyi təsiri nəzərə alaraq iddiaçıya psixologiya elmləri namizədi elmi dərəcəsi almaq üçün dissertasiyasını Bakı Dövlət Universitetinin ixtisaslaşdırılmış Şurasına təqdim etməyi tövsiyə etmişlər. Misgər müəllimin dissertasiya mövzusu ilə bağlı dərc etdiyi məqalələr yüksək elmi səviyyəsilə diqqəti cəlb edir: Mənimsəmə prosesində ana dilinin yeri // Milli müstəqilliyimiz, milli dövlətçiliyimiz, milli dilimiz: Respublika elmi-praktik kontransının materialları (ADU).-2001.-8.71-72. Faciəli dərkin kulturoloji şərhi // Elmi xəbərlər (ADU), 2003, №1-2; Faciəli şüurun determinatları haqqında: bədii qavrayış kontekstində // Yenə orada. s.321-323. Dillərin qarşılıqlı təsirinin mətni anlamaya təsirinin psixoloji xüsusiyyətləri haqqında // Elmi xəbərlər (ADU).-2004.-№2.-s.295-296; Anlamanın tənzimetmə funksiyası // Elmi abərlər (ADU).-2004.-№5; Anlamanın seçicilik xüsusiyyətinin psixoloji təhlili // Elmi xəbərlər (ADU).-2005.-№3.
Ümumilikdə 60-dan çox elmi əsərin müəllifi olan alimin məqalə və tezisləri SSRİ-nin ən iri mədəniyyət mərkəzlərində dərc olunmuş, dərslik, dərs vəsaitləri, tərtib etdiyi proqramlar ali məktəblərdə bu gün də istifadə olunmaqdadır: Universitet və İnstitutlarda magistr hazırlığı üçün xarici dilin tədrisinin psixoloji əsasları proqramı /tərt.ed. M.Məmmədov (2009); Bakalavr hazırlığı üçün siyasi psixologiya fənninin proqramı tərt.ed-lər: S.Seyidov, M.Məmmədov; (2004); Dilləri tədris olunan xalqların etnopsixologiyası: ali məktəblərin bakalavr təhsil pilləsi üçün proqram /tarted-lər: M.Həmzəyev, A.Quliyev, M.Məmmədov (2004); Psi-xolinqvistika: ali məktəblərin magistr təhsil pilləsi üçün proqram) /tərt.ed-lər: M.Həmzəyev, M.Məmmədov.- 2004.
2019-cu ildə "Beynəlxalq praqmatika" jurnalında Ümumi dilçilik kafedrasının müdiri, professor Azad Məmmədovla birlikdə dərc etdirdiyi məqaləyə görə universitet rektorunun əmri ilə pul mükafatına layiq görülüb.
Universitetdə psixologiya ixtisası üzrə aparıcı kadrlardan olduğu üçün müxtəlif illərdə kafedra müdiri işləmiş, Elmi Şuranın 29 aprel 2009-cu il tarixli qərarı ilə Psixologiya kafedrası üzrə dosent elmi adını almışdır.
Misgər Məmmədovun ictimai fəaliyyəti də genişdir. 1998-ci ildə kollektivin yekdil rəyi ilə Universitetin Azad Müəllim Həmkarlar Təşkilatının sədri seçilmiş bu zəhmətkeş insan 20 ildən çoxdur ki, hər bir əməkdaşın qayğısını öz qayğısı kimi çəkir, xeyirdə, şərdə hamıdan əvvəl bütün canı-dili ilə ürəkdən iştirak edir, kiminsə haqqının tapdanmasına yol vermir, bütün fəaliyyəti ilə kollektivdə mehribanlıq, səmimiyyət, işgüzarlıq şəraiti yaratmağa çalışır. 2010-cu ildən Yeni Azərbaycan Partiyasının üzvü kimi dövlətçiliyimizin möhkəmlənməsi, dünya ölkələri arasında Azərbaycanın nüfuzunun durmadan artması, ölkədə əmin amanlığın bərqərar olması, xalqın maddi rifahının yaxşılaşması istiqamətində Respublika Prezidentinin həyata keçirdiyi bütün tədbirləri bir mənalı şəkildə qəbul edir və tələbə gənclər arasında bacarıqla təbliğ edir.
Vətənə, torpağa, xalqa təmənnasız edilən heç bir xidmət itmir. Misgər müəllimin də zəhməti itməmiş, layiqli qiymətini almışdır. Təhsil nazirinin 31 yanvar 2008-ci il tarixli əmri ilə "Azərbaycan respublikası qabaqcıl təhsil işçisi" döş nişanına, Respublika Prezidentinin 4 iyun 2011-ci il tarixli sərəncamı ilə "Əməkdar Mədəniyyət işçisi” fəxri adına, Azərbaycan Həmkarlar Konfederasiyasının 2011-ci il 3 mart tarixli qərarı ilə "Həmkarlar İttifaqında fəal xidmətinə görə döş nişanı ilə, Respublika Veteranlar Şurasının 9 may 2010-cu il tarixli qərari ilə "Qələbənin 65 illiyi" medalı ilə təltif olunmuş, Universitetin tədris, elmi və ictimai həyatında fəal iştirakına görə dəfələlərə rəhbərliyin təşəkkürünü, müxtəlif mükafatlarını almışdır.