Aleksey Smirnov: "Konfransın mövzusu son dərəcə aktual və vacibdir"

Mayın 6-da Azərbaycan Dillər Universitetində (ADU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev: Multikulturalizm və tolerantlıq ideologiyası” VIII Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.
Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının yepiskopu Aleksiy Smirnovun təəssüratlarını təqdim edirik:
"Bugünkü konfransın mövzusu son dərəcə aktual və vacibdir. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş beynəlxalq konfransa dəvət edildiyim üçün Azərbaycan Dillər Universitetinin rəhbərliyinə dərin təşəkkürümü bildirirəm.
Bu gün Azərbaycanda toleranlıq və multikulturalizm öz inkişafının yüksək səviyyəsinə çatıb. Təbii ki, bu işdə ümummilli lider Heydər Əliyevin çox böyük xidmətləri olub. Məhz Ulu Öndərin həyata keçirdiyi düzgün siyasət nəticəsində bu gün Azərbaycanda bütün xalqlar qarşılıqlı hörmət şəraitində yaşayırlar. Bu gün rus icmasının nümayəndələri ilə yanaşı, Azərbaycanda yaşayan digər çoxsaylı xalqlar da Azərbaycanın ümumi inkişafına böyük töhfələr verirlər. Bunu ölkənin inkişafının mühüm amili kimi qiymətləndirə bilərik.
Yaxın günlərdə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill də Azərbaycanda səfərdə olarkən bu nüansı xüsusi qeyd etdi ki, bu gün Azərbaycanda mövcud olan tolerantlıq bütün dünyaya nümunədir. Hər iki xalq arasında möhkəm əlaqələr dövlətlərarası münasibətlərin bünövrəsini təşkil edir.
Azərbaycanın pravoslav icması dövlətlərarası münasibətlərin mühüm amilidir. Əminəm ki, Azərbaycanda dinlər və millətlər arası sülh, anlaşma, qarşılıqlı dəstək daimi olacaq. Əminəm ki, bu müsbət dinamika gələcəkdə də qorunub saxlanılacaq. Bu gün tolerantlıq yaşayır. Xalqlar birgə yaşayırlar. Azərbaycan modelini öyrənirlər".