XƏBƏRLƏR

“Heydər Əliyev-102, 2025-ci il Konstitusiya və Suverenlik ili” adlı tədbir keçirilib

02 may, 2025

Azərbaycan Dillər Universitetinin (ADU) Fransız dilinin fonetikası və qrammatikası kafedrasının əməkdaşları dosent Teybə Cəlilova və müəllim Mənsurə İsmayılovanın təşəbbüsü ilə “Heydər Əliyev-102, 2025-ci il Konstitusiya və Suverenlik ili” adlı tədbir keçirilib.

 Filologiya fakültəsi 337-ci və 345-ci qrup tələbələrinin birgə iştirakı ilə keçən tədbir Ümummilli lider Heydər Əliyevin anadan olmasının  102 – ci ildönümünə həsr olunub.

 Kafedra müdiri, dosent Vəfa Seyid tədbir haqqında məlumat verib, bildirib ki, tədbir çərçivəsində Azərbaycanın müstəqilliyinin, milli birliyinin və hüquqi əsaslarının qorunub saxlanmasında Konstitusiyamızın və dövlət suverenliyimizin əvəzsiz rolunu bir daha xatırlayacağıq. Tədbirimizin məqsədi, ən böyük dəyərlərimizdən biri olan müstəqillik və suverenliyimizin əhəmiyyətini bir daha sizlərlə birlikdə vurğulamaqdır. Kafedranın dosenti, Roman dillərinin tərcümə nəzəriyyəsi və praktikası kafedrasının müdiri, professor Ülfət İbrahim çıxışında 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Zəfərin hüquqi və siyasi baxımdan suverenlik dəyərlərinin möhkəmləndirilməsi anlamına gəldiyini vurğulayıb və Azərbaycanın Dövlət Suverenliyi Gününün isə bu anlayışın ən mühüm rəmzi günlərindən biri kimi ölkənin tarixində əhəmiyyətli siyasi dönüş nöqtələrindən biri olduğunu qeyd edib.

 Sosial Tədqiqatlar Mərkəzinin Media və Kommunikasiya Departamentinin müdirisiyasi texnoloq Əziz Əliyev çıxışında bildirib ki, istənilən xalq üçün müstəqil, suveren dövləti yaratmaq və onu inkişaf etdirmək ən böyük nailiyyətdir. Ərazi, əhali və siyasi hakimiyyət kimi əsas atributları özündə ehtiva edən hər hansı siyasi varlığın dövlət olması üçün suverenlik, müstəqillik xüsusiyyətinə malik olması vacib şərtdir.

 Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəriAzərbaycan Universitetinin müəllimiAZTV-nin siyasi eksperti Samir Hümbətov  çıxışında 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan olunmasının dövlətçilik tariximizin öyrənilməsi, eyni zamanda, postmüharibə dövründə yeni milli ideoloji prioritetlərin böyük əhəmiyyət kəsb etməsi, qüdrətli Azərbaycanın dünya ölkələri sırasında özünə layiqli yer tutması, müstəqilliyimizin dönməz və əbədi olmasında bir çox prinsiplərin həm tarixi əhəmiyyətini, həm də mahiyyətini daha da ön plana çıxarmaq baxımından əvəzsiz rol oynadığını vurğulayıb. Həmçinin Ulu Öndərin hər birimiz üçün olan tövsiyəsini diqqətə çatdırıb, bildirib ki, Hər bir şəxs Konstitusiyaya və qanunlara əməl etməli, ondan irəli gələn dövlət və cəmiyyət qarşısında vəzifələrini layiqincə yerinə yetirməli, ölkəmizdə gedən demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesində yaxından iştirak etməlidir. Məqsədimiz xalqımızın mənəviyyatını qorumaq və zənginləşdirməkdir. Bizim Konstitusiyamız xalqın Konstitusiyasıdır. Hər bir vətəndaşın Konstitusiyasıdır!

Azərbaycan Memarlıq və İnşaat Universitetinin dekan müavini,  Fransız dili müəllimiAzərbaycan Dillər Universitetinin doktorantı, jurnalist Ayyət Abdullayev çıxışı zamanı xalqımızın Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əzəli torpaqlarımızı işğaldan azad etməsi, ərazi bütövlüyünün, dövlət suverenliyinin və ölkənin bütün ərazilərində Azərbaycan Respublikası Konstitusiyasının hüquqi qüvvəsinin tam bərpasının qürurverici təntənəsi, 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsinin Azərbaycanın dövlətçilik ənənələrini daha da möhkəmləndirmək, xalqın hüquq və azadlıqlarının təmin olunmasına dair öhdəlikləri vurğulamaq məqsədi daşıdığını diqqətə çatdırıb. Bu qərarın, həmçinin milli suverenliyimizin və hüquqi dəyərlərimizin təbliği baxımından tarixi bir addım olduğunu, ötən dövrdə olduğu kimi, il ərzində həyata keçiriləcək genişmiqyaslı islahatlar da Azərbaycan xalqının hüquqi dövlət quruculuğu yolunda irəliləməsinə zəmin yaradacağını vurğulayıb.

 Sonra tələbələr çıxış ediblər. Onlar sıra ilə mövzular üzrə hazırladıqları slaydları, rəqsləri, mahnı və şeirlərini təqdim ediblər.

Tədbirin sonunda tələbələr kafedra müdiri Vəfa Seyid tərəfindən sertifikatlarla təltif olunublar.