Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş müsabiqə keçirilib

Azərbaycan Dillər Universitetində (ADU) Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində müsabiqə keçirilib. Tədbir İngilis-fransız dilləri fakültəsi nəzdində fəaliyyət göstərən İngilis dilinin qrammatikası kafedrası və universitetin Həmkarlar Təşkilatının birgə təşəbbüsü ilə təşkil olunub. Müsabiqə İngilis-fransız və İngilis-alman dilləri fakültələrinin I kurs tələbələri arasında baş tutub.
Tədbirdə açılış nitqi ilə çıxış edən İngilis dilinin qrammatikası kafedrasının müdiri, professor Leyla Xanbutayeva Ulu Öndər Heydər Əliyevin müstəqil və suveren Azərbaycanın qurulmasındakı tarixi xidmətlərindən bəhs edib və bu cür tədbirlərin gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsi baxımından əhəmiyyətini vurğulayıb. Professor həmçinin tədbirin tələbələrin ingilis dilində sərbəst düşünmə və ifadə bacarıqlarının inkişafına xidmət etdiyini qeyd edib.
Tədbirə Azərbaycan Dillər Universitetinin rektoru, akademik Kamal Abdulla və digər səlahiyyətli şəxslər də qatılıb. Rektor tələbələri salamlayaraq onların təhsil və inkişaf yolunda uğurlar arzulayıb, keçirilən müsabiqənin gənclərin milli dəyərlərə bağlılığını gücləndirməyə xidmət etdiyini vurğulayıb.
Müsabiqə zamanı tələbələr Heydər Əliyev irsi, Azərbaycanın müstəqillik tarixi, konstitusiyası və dövlət suverenliyi mövzularında slayd təqdimatları edərək ingilis dilində çıxışlar ediblər. Diskussiya şəraitində davam edən tədbirdə iştirakçılar fəal müzakirələr aparıblar.
Müsabiqənin nəticələrinə əsasən, I yerə İngilis-alman dilləri fakültəsinin 1-ci kurs Essex 15 qrupunun tələbəsi Zərifə İbrahimova, II yerə İngilis-alman dilləri fakültəsinin 1-ci kurs 103a qrupunun tələbəsi Aysel Təmrazova, III yerə isə İngilis-fransız dilləri fakültəsinin 1-ci kurs 115a qrupunun tələbəsi Leyli Allahverdiyeva layiq görülüb. Qaliblərə diplom və sertifikatlar, digər iştirakçılara isə təşəkkürnamələr təqdim olunub.
Sonda çıxış edən professor Leyla Xanbutayeva iştirakçılara təşəkkür edərək, onların çıxışlarını yüksək qiymətləndirib və belə tədbirlərin tələbələrin peşəkar və ictimai inkişafında mühüm rol oynadığını bildirib. Tədbirdə kafedranın dosentləri S.Nuriyeva və S.Mustafayeva da çıxış edərək tələbələrin fəallığını təqdir edib, onlara gələcək təhsil və karyera yollarında uğurlar.