XƏBƏRLƏR

Ulu Öndər Heydər Əliyevin 102-ci ildönümünə həsr olunmuş esse müsabiqəsi keçirilib

25 aprel, 2025

Aprelin 23-də Azərbaycan Dillər Universitetinin Müəllim Həmkarlar İttifaqının təşkilatçılığı, "Konstitusiya və Suverenlik İli" ilə bağlı tədbirlər planı çərçivəsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş esse müsabiqəsi keçirilib.

Tədbir İngilis və alman dilləri, İngilis və fransız dilləri fakültələri, həmçinin İngilis dilinin tədrisi metodikası, Linqvokulturologiya və İngilis dilinin leksikologiyası kafedralarının birgə təşkilatçılığı ilə baş tutub. Müsabiqədə adıçəkilən fakültələrin II və III kurs tələbələri arasından ilkin mərhələdən uğurla keçən iştirakçılar iştirak ediblər.

Tələbələrə ayrılmış 1 saat müddətində ingilis dilində Ulu Öndər Heydər Əliyev haqqında təqdim olunmuş istiqamətlər üzrə esse yazmaq imkanı verilib. Müsabiqənin məqsədi Azərbaycanın müasir dövrünün memarı Heydər Əliyevin zəngin siyasi irsinin gənc nəslə aşılanması, tələbələrin təfəkkür və ifadə bacarıqlarının inkişaf etdirilməsi, həmçinin ölkəmizin tarixi, mədəniyyəti, dövlət müstəqilliyi və suverenliyi barədə biliklərinin artırılması olub.

Tədbirdə hər iki fakültənin dekan müavinləri, Müəllim Həmkarlar İttifaqının fakültələr üzrə sədrləri və kafedra əməkdaşlarından ibarət komissiya heyəti iştirak edərək iştirakçılara uğurlar arzulayıblar.

Esse yazılarının qiymətləndirilməsində şəffaflığın təmin olunması məqsədilə tələbələrin işləri əvvəlcədən kodlaşdırılaraq xüsusi komissiya tərəfindən yoxlama mərhələsinə təqdim olunub.