ADU tələbələrinin iştirakı ilə ekoloji tədbir keçirilib

Azərbaycan Dillər Universitetinin (ADU) pedaqoji təcrübə keçən tələbələrinin təşəbbüsü və Xarici dillərin tədrisi metodikası kafedrasının əməkdaşı, metodist, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfurə Cəfərovanın rəhbərliyi ilə Nizami rayonu, K.Əyyubov adına 12 saylı tam orta məktəbdə “22 Aprel – Beynəlxalq Yer Kürəsi Günü”nə həsr olunmuş tədbir keçirilib.
Tədbirin əsas məqsədi şagirdlərə Yer kürəsinin qorunmasının vacibliyini aşılamaq, ətraf mühitə qarşı məsuliyyətli münasibət formalaşdırmaq və ekoloji maarifləndirmə işini təşviq etmək idi.
Tədbir zamanı tələbələr əvvəlcədən hazırladıqları təqdimatlarla çıxış etdilər, Yer kürəsinin ekologiyası, iqlim dəyişikliyi, təbiətin mühafizəsi və tullantıların düzgün idarə olunması mövzularına toxunublar.
Şagirdlər üçün interaktiv fəaliyyətlər, viktorinalar və oyunlar təşkil olunub. Eyni zamanda, məktəbin həyətində kiçik ağacəkmə aksiyası həyata keçirilib.
Tədbirin əhəmiyyətindən danışan metodist Səfurə Cəfərova tələbələrin və məktəb kollektivinin fəallığını yüksək qiymətləndirərək belə təşəbbüslərin davamlı olmasının vacibliyini vurğulayıb.









