ADU tələbələri pedaqoji təcrübə çərçivəsində tədbir keçiriblər

Azərbaycan Dillər Universitetinin (ADU) Filologiya fakültəsinin tələbələri pedaqoji təcrübə keçdikləri Nizami rayonu, K.Əyyubov adına 12 saylı tam orta məktəbdə “23 Aprel – Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” və “Beynəlxalq İngilis dili Günü”nə həsr olunmuş tədbir keçirib.
Tədbir Xarici dillərin tədrisi metodikası kafedrasının əməkdaşı, metodist, filologiya üzrə fəlsəfə doktoru, dosent Səfurə Cəfərovanın rəhbərliyi ilə İngilis və fransız dilləri fakültəsinin 420a, 423b və 424a qrup tələbələrinin təşəbbüsü ilə baş tutub.
Pedaqoji təcrübə çərçivəsində təşkil olunan bu tədbirin əsas məqsədi şagirdlərdə kitab oxumağa maraq yaratmaq, müəlliflik hüquqları barədə məlumat vermək və ingilis dilinin beynəlxalq əhəmiyyətini aşılamq olub. Tələbələr öz çıxışlarında kitabın insan həyatındakı rolu, müəllif hüquqlarının qorunmasının önəmi və ingilis dilinin müasir dünyada kommunikasiya vasitəsi kimi roluna toxunublar.
Tədbirdə şagirdlər üçün müxtəlif təqdimatlar, tanınmış yazıçıların əsərləri əsasında səhnəciklər, interaktiv təqdimatlar və dil oyunları təşkil edilib. İngilis dilində şeirlər səsləndirilib, bədii qiraətlər nümayiş etdirilib və musiqili nömrələr təqdim olunub.
Dosent Səfurə Cəfərova çıxışında qeyd edib ki, bu cür tədbirlər tələbələrin pedaqoji bacarıqlarının inkişafına və məktəblilərin həm kitab oxumağa, həm də xarici dil öyrənməyə olan marağının artırılmasına xidmət edir. Tədbirin sonunda fəal iştirak edən tələbə və şagirdlər təşəkkürnamələrlə təltif olunub. Tədbir maarifləndirici və ruhlandırıcı bir ab-havada yekunlaşıb.













