Xarici ölkələrin mədəniyyətlərinə həsr olunmuş tədbir təşkil olunub

Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsi nəzdində Xarici dillərin tədrisi metodikası kafedrasının baş müəllimi, metodist İlhamə İsgəndərovanın rəhbərliyi ilə Nəsimi rayonu 211 saylı tam orta məktəbdə pedaqoji təcrübədə olan tələbələri 5-ci sinif şagirdləri üçün xarici ölkələrin mədəniyyətlərinə həsr olunmuş tədbir təşkil olunub.
Tədbirin əsas məqsədi müxtəlif ölkələrin mədəniyyətlərini şagirdlərə və iştirakçılara tanıtmaq olub. Tədbir vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Ardınca məktəbin şagirdləri müxtəlif ölkələrin mədəniyyətlərini ingilis dilində təqdim ediblər. Tədbir çərçivəsində şagirdlərin ifasında "Ey həyat, sən nə qəribəsən" mahnısı da səsləndirilib.
Tədbirin sonunda şagirdlərin əməyi nəzərə alınaraq məktəbin möhürü və direktorun imzası ilə təsdiqlənmiş sertifikatlar onlara təqdim edilib.

